avtobus ela 1

İctimai nəqliyyatda sərnişinlərin rahatlığının artırılması üçün ödəniş sisteminin təkmilləşdirilməsi də vacib məsələlərdən biridir. Hazırda avtobuslarda ön qapıdan minmə qaydası və ödəniş prosesində sürücünün iştirakı xüsusilə sıx saatlarda müəyyən çətinliklər yarada bilir.

Təklif olunur ki, avtobusların bütün qapılarında POS-terminallar quraşdırılsın, sərnişinlər istənilən qapıdan minib-düşə bilsinlər və ödənişə nəzarət xüsusi əməkdaşlar tərəfindən həyata keçirilsin.

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu, dünyanın 20-30 ildir tətbiq etdiyi qaydadır:

“Çoxdan bu qaydalara keçmək lazımdır. Hətta bundan başqa, saatlıq, həftəlik, aylıq, illik biletlər sisteminə də keçmək zəruridir. Azərbaycanda da bununla bağlı addımların atılmasına ehtiyac var”.

İqtisadçı bildirib ki, bunun üçün sadəcə qərar vermək və yeni sistemə keçmək lazımdır:

“Burada qarşımıza texniki məsələlər çıxa bilər, onun da həlli asandır. İndi bunu təşkil edən müəyyən şirkətlər var. Bir az texniki yeniliklərə getmək lazım olacaq. Yəqin ki, bununla məşğul olmaq istəmək lazımdır. Belə bir ciddi maneə yoxdur. Bu, təbii ki, gələcəkdə həmin işçilərin, ən azından, nəqliyyatdan istifadə zamanı üzləşdikləri gərginliyi azaldan amillərdən birinə çevrilə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: