ABŞ administrasiyası Avropa və Ukrayna rəsmilərinə Vaşinqtonun Kiyevdən yanvarın əvvəlinə qədər Rusiya ilə sülh sazişi əldə etməsini gözlədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Ağ Ev Demokratlar Partiyası ABŞ Konqresinə nəzarəti ələ keçirməzdən əvvəl razılaşmanın bağlanmasına ümid edir.
ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin iştirakı ilə keçirilən görüşün yekunlarına dair nəşrə danışan avropalı rəsmi bildirib:
“Amerikalılar güclü təzyiq göstərirlər və belə bir narahatlıq var ki, razılaşmaya yaxınlaşmaq üçün Ukrayna tərəfindən çox böyük güzəştlər tələb olunacaq”.
Qəzet adını açıqlamayan iki amerikalı rəsmidən sitat gətirərək qeyd edib ki, Donald Tramp dekabrın ortalarında Mayamidə keçirilməsi planlaşdırılan “Böyük iyirmilik” (G20) sammiti zamanı Avropa liderləri ilə münaqişənin başa çatdırılmasına dair danışıqlar apara bilər.
Bununla yanaşı, “Financial Times” Fransanın yüksək vəzifəli rəsmisinin sözlərini də təqdim edib. O vurğulayıb ki, əgər Ukrayna tədbirə dəvət olunmazsa, G20 çərçivəsində Avropa İttifaqı ilə Ukrayna mövzusunda heç bir danışıq aparılmayacaq.
Əliyar Xəlil,
Globalinfo.az