Kremlin İrəvanda “Troya atı” taktikası – İlginc versiya

Ermənistanda “Milli Demokratik Qütb” siyasi hərəkatının gənclər qanadı İrəvanın “Zvartnots” hava limanında Rusiya sərhədçilərinin çıxarılmasını tələb edən etiraz aksiyası keçirib. Aksiyanın Ermənistan hakimiyyəti tərəfindən təşkil edildiyi, bununla Rusiyaya qarşı ictimai etirazın başladılmasının hesablandığı iddia edilir.

Rusiya tərəfi isə hələlik məsələyə ciddi reaksiya vermir. Bəzi ekspertlər hesab edirlər ki, Rusiya Ermənistanı tərk etsə də, hərbi bazalardakı silahları müxalifətə verəcək. Bununla da Ermənistanda vətəndaş müharibəsi başlayacaq. Bir növ, Rusiya Ermənistanı içəridən parçalayacaq.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Ermənistan dövlətini Rusiya yaradıb:

“Rəsmi Moskva Ermənistanı hər sahədə mühafizə edib və ərazilərinin bugünkü hala gəlməsində ən böyük paya sahibdir. 1990-cı illərdə Kreml Ermənistanı açıq himayə etdiyi üçün ərazilərimizin işğalı daha tez baş tutmuşdu.

Cənubi Qafqazda bu gün tamam başqa bir situasiya yaranıb. Region uğrunda geosiyasi mübarizə gedir. Böyük güclər faktiki olaraq nüfuz uğrunda mübarizə aparırlar. Bu baxımdan ABŞ və Qərb koalisiyası Cənubi Qafqaza girmək, burada nüfuz qazanmaq üçün əllərindən gələni edir, Rusiyanın mövqelərini sarsıtmağa çalışırlar.

Artıq Ermənistan kütləvi informasiya vasitələri anti-Rusiya təbliğatı apararaq ictimai rəyə təsir edir. “Milli Demokratik Qütb” siyasi hərəkatının gənclər qanadının İrəvanın “Zvartnots” hava limanında Rusiya sərhədçilərinin çıxarılmasın tələb edən etiraz aksiyası da bu prosesin tərkib hissəsidir”.

Politoloq qeyd edib ki, Ermənistandakı rus hərbi bazalarının birdən-birə regiondan çıxması inandırıcı deyil:

“Kreml üçün Cənubi Qafqaz, xüsusilə də Ermənistan mühüm əhəmiyyət daşıyır. Çünki bu gün Rusiyanın Ermənistanda birdən çox hərbi bazası var. Bu bazaların Ermənistandan çıxarılması Paşinyan, ya da komandasının verəcəyi sadə bir qərardan asılı deyil. Çünki ortada iki ölkə arasında imzalanan uzunmüddətli sazişlər var. Buna görə Paşinyan istəsə də bunu tezliklə reallaşdıra bilməyəcək”.

Turan Rzayev
Globalinfo.az