Kremlin inanılmaz “Vaqner” planı: “Priqojin aradan götürüləcək, ya da…”

“Vaqner” silahlı birləşməsinin rəhbəri Yevgeni Priqojinin ölən muzdluların görüntülərini yayımlayaraq, ciddi sursat çatışmalığının olduğunu bildirib və bunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Baş Qərəgah rəisi Valeri Gerasimovu günahlandıraraq onları təhqir etməsi döyüşlərin davam etdiyi müddətdə bütün dünyada böyük əks-səda doğurdu. Daha sonra isə döyüşçüləri ilə video paylaşaraq sursat çatışmazlıığına görə Baxmutdan çıxdıqlarını və mövqelərini rus qoşunlarına təslim etdiklərini bildirib.

Bəs bu, müharibənin gedişinə necə təsir göstərəcək? Putinin sağ əli adlandırılan şəxsin bu cür addımlarına səbəb nədir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Ramiyə Məmmədova mövcud vəziyyətdə Priqojinin öncəki və hazırkı addımlarının kəskin şəkildə fərqləndiyini bildirib:

Ramiyə Məmmədova: Tehran öz davranışının yanlış olduğunu anladı

Ramiyə Məmmədova

“Müharibənin ilk günündən bu yana Rusiya öz silah, sursat ehtiyatının demək olar ki, 80%-ni sərf edib. Nəzərə alaq ki, yaxın zamana kimi heç bir ölkədən dəstək almırdı, hələ son aylarda İran və Çin kimi ölkələrdən silah, sursat və s. almağa başlayıb. Özünə məxsus olan ehtiyatın çox hissəsi də SSRİ dövründən, II Dünya Müharibəsindən qalan vasitələr idi. Çünki bu müddət ərzində Rusiya Ukraynadakı kimi genişmiqyaslı və şiddətli müharibə aparmamışdı. Ukrayna tərəfinin də illər öncədən qalma silahları ilə yanaşı, Avropa Birliyi və ABŞ-ın göstərdiyi böyük silah, sursat yardımlarıdır ki, bu da müharibənin uzanmasına səbəb olur.

Rusiyada bu bir il ərzində orduda bir sıra vəzifələr üzrə dəyişikliklər edildi. Hər döyüşün nəticələrinə uyğun olaraq kadr islahatı keçirildi. “Vaqner” birləşməsi də Vladimir Putinin şəxsi dəstəsi hesab olunur. Onun rəhbəri isə Putinlə birbaşa yaxın əlaqələri olan Yevgeni Priqojindir. “Vaqner” hər zaman Putinin xüsusi tapşırıqlarının yerinə yetirilməsində ciddi rol oynayıb. Amma bu birləşmə Ukrayna müharibəsində gözləntiləri tam qarşılaya bilmədi. Priqojinin daha öncəki müsahibələri ilə son yayımlanan videolar arasında çox ciddi fərq görürük. Əvvəllər o, Putin və onun ətrafı ilə kifayət qədər yaxın münasibətilə seçilirdisə, artıq bu yaxınlığın öncəki kimi olmadığını müşahidə edirik”.

Politoloq “Vaqnerin” Baxmut tapşırığında uğursuzluğuna diqqət çəkərək, narazılıqların bütün ordunu əhatə etdiyini söyləyib:

“Rusiya müdafiə naziri Sergey Şoyqunun əmri ilə orduda komandir dəyişikliyi “Vaqner”in mövqeyinə daha ciddi təsir etdi. Belə görünür, bu birləşmənin artıq sıradan çıxarılması planlaşdırılıb. Birləşmənin rəhbəri Priqojin və əsgərlərinin sursat çatışmazlığı ilə bağlı etirazı sadəcə özlərini deyil, bütün Rusiya ordusunu əhatə edir. Moskva bu istiqamətdə kifayət qədər çətinlik yaşayır. Silah azlığı təbii olaraq əsgərlərin mövqelərindən geri çəkilməsinə, Ukrayna ordusu qarşısında məğlubiyyətinə səbəb olur. Bir sözlə, Priqojin Rusiyanın ordu komandirlərinin deyə bilmədiyini açıq şəkildə səsləndirir. Baxmutun nəzarətə götürülməsi də Priqojinə tapşırılmışdı, amma aylardır onun bunu bacarmaması siyasi elita arasında nüfuzunu sarsıdır.

Hər şeyə rəğmən Rusiya geri çəkilməyəcək, müharibəni sona qədər davam etdirəcək. Ya da Ukrayna ilə bir masada əyləşməyə məcbur olacaq. Kiyev isə ABŞ və Qərbin diqtəsi ilə hərəkət etdiyi üçün hazırda Moskva ilə razılaşmaya getmək istəmir. Ona görə də müharibə hələ davam edəcək, ABŞ da Rusiyanı çökdürmək üçün bütün üsullara əl atacaq. Amma Kreml də özünə alternativ yollar axtarmağa, Çin və İran kimi ölkələrdən dəstək almağa başlayıb”.

R.Məmmədova Yevgeni Priqojinin sonrakı aqibəti ilə bağlı qaranlıq məqamlara toxunub:

“Yevgeni Priqojin bu gün Putindən uzaqlaşan bir kadr kimi görünür. Hazırda müharibədən çıxıb başqa ölkələrə getməyə çalışır. Məsələn, əvvəllər olduğu kimi Afrikaya üz tuta bilər. Vəziyyətin onun üçün təhlükəli olduğunu bilir və qaçmaq üçün yollar axtarır. “Vaqner”in artıq edə biləcəyi heç nə yoxdur. Bunun müharibənin gedişatına heç bir təsiri olmayacaq. Rusiya müdafiə naziri prosesi davam etdirəcək, burada əsas rus ordusunun əsgərlərinin gördüyü işdir. Priqojin müdafiə naziri və Putinin ətrafı ilə yola getmir. Təbii ki, bu səbəblə onu bir fiqur kimi silməyə çalışırlar. Ya o aradan götürüləcək, ya da başqa bir ölkəyə qaçıb müxalif qüvvə kimi çıxış edəcək”.

Ayşən Mustafa
Globalinfo.az