Rusiyada baş verən hadisələr ölkədə təhlükəsizlik və daxili sabitliklə bağlı müzakirələri gündəmə gətirib. Belə ki, Rusiya Prezidenti Vladimir Putinə yaxın hərbi şəxslərdən birinin öldürülməsi, Dağıstanda qaz kəmərinin partladılması və hərbi obyektlərə qarşı hücumlar bu baxımdan diqqət çəkir. Kremlin Ukrayna müharibəsi fonunda artan təzyiqlərlə üzləşdiyi barədə fikirlər səsləndirilir. Eyni zamanda, ölkədə narazılıqların artdığı, bəzi bloger və jurnalistlərin mövcud vəziyyəti açıq tənqid etdiyi bildirilir.
Rusiyada daxili siyasi və ictimai gərginliyin dərinləşməsinə səbəb nədir? Bundan sonra ölkəni hansı ssenari gözləyir?
Globalinfo.az-a danışan politoloq Əfsanə İbrahimova deyib ki, Rusiyanın daxili mənzərəsi ciddi dəyişikliklərə məruz qalıb:
“General-leytenant Yaroslav Moskalikin Moskvada avtomobilinin partladılması nəticəsində öldürülməsi ölkənin ən yüksək hərbi dairələrinin belə güvəndə olmadığını göstərdi. “Mozdok-Kazımaqomed” magistral qaz kəmərinin partlaması isə infrastruktur zəifliyini bir daha gündəmə gətirdi. Bunlar təsadüfi hadisələr deyil, sistemli zəifləmənin simptomlarıdır. Rusiyada “Levada” mərkəzinin 2026-cı ilin mart ayına dair sorğusuna görə, ölkənin yanlış istiqamətdə getdiyini düşünənlərin sayı son bir ildə 16 faizdən 26 faizə yüksəlib. Bu, son üç ilin ən yüksək göstəricilərindəndir. Putinin reytinqi isə son üç ilin minimumuna, yəni 82 faizə düşüb. Görünür, “müharibə birliyi” psixologiyası öz təsirini tədricən itirir”.
Əfsanə İbrahimova
Politoloq bildirib ki, Rusiyada əvvəllər sistemə sadiq hesab edilən insanlar belə tənqidlər səsləndirməyə başlayıb:
“Narazılıq artıq yalnız müxalifət çevrələrindən deyil, həm də rejimin daxilindən gəlir. Bundan sonra proseslərin davam edəcəyi müstəvi üzrə bir neçə ssenari mümkündür:
İlk növbədə status-kvo davam edir, Putinin aparatı hələ ki gücünü qoruyur, repressiya mexanizmləri işləyir və media nəzarət altındadır.
İkinci ssenaridə daxili parçalanma ehtimalı var. Hərbi dairələrdə nüfuzunu qoruyub saxlayan Sergey Şoyqu kimi simaların daxili siyasi böhran zamanı risk faktoru kimi qəbul edilə biləcəyi müzakirə olunur. Güc strukturları arasında maraq ziddiyyətləri artdıqca, saraydaxili çatların dərinləşməsi ehtimalı da artır.
Üçüncü ssenaridə isə danışıqlara məcburi keçid var. Rusiyada iqtisadi vəziyyət, sosial sabitlik və ictimai təzyiqlər hökuməti müəyyən kompromislərə vadar edə bilər. Lakin hələlik tərəflərdən hər hansı birinin hərbi cəhətdən tamamilə tükəndiyini demək mümkün deyil”.
Ə.İbrahimova qeyd edib ki, Putin 2022-ci ildə hərbi kampaniyaya başlamaqla ölkənin ən böyük liderlərindən biri kimi statusunu möhkəmləndirməyə ümidlənirdi:
“Lakin uzun sürən münaqişə, əksinə, onun mövqeyini əvvəlkindən daha çox zəiflədə bilər. Tarixi baxımdan avtoritar rejimlər nadir hallarda kənardan yox, içəridən çökürlər. Rusiyada bu prosesin nə vaxt kritik həddə çatacağını dəqiq proqnozlaşdırmaq çətindir, amma deyə bilərəm ki, istiqamətin dəyişdiyini rəqəmlər, hadisələr və daxili səslər açıq şəkildə göstərir”.
Ləman İmran
Globalinfo.az