kredit 1

“Prezident İlham Əliyev “Kredit büroları haqqında” qanuna edilən dəyişiklikləri təsdiq edib. Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 min manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər:

“Adətən, kredit tarixçəsinə aid olan məlumatların təqdim olunması inzibati proseduralar, zaman və eləcə də xərc tələb edirdi. Digər tərəfdən, bu öhdəliklərə əməl edilməsinə nəzarət asan deyildi və məsuliyyətə cəlb etmək mürəkkəb mexanizm idi”.

Deputat bildirib ki, yeni dəyişiklik şirkətlər və vətəndaşlar üçün qaydaların asanlaşmasına səbəb olacaq:

“Həmçinin vətəndaşların vəsaitə qənaət etməsinə və onların kreditlər üzrə “qara siyahıya” bu səbəbdən düşməsinin qarşısının alınmasına gətirib çıxaracaq. Bu, mövcud sahədə aktivliyin artması və alqı-satqı döriyyəsinin genişlənməsinə imkan yaradacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: