Bu dövlət proqramlarına 104 milyard manat investisiya yatırılıb – Nazir

Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir.

Globalinfo.az bildirir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb, 2004-cü ildən bəri bölgələrdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən çox yeni müəssisə yaradılıb: “Regionlarda 8 hava limanı tikilib və ya yenidən qurulub, Laçın hava limanının tikintisi davam edir. 17 min km-dən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər, 3 300-dək məktəb, 450-dən çox uşaq bağçası, 550-dən çox tibb müəssisəsi, 41 Olimpiya İdman Kompleksi tikilib və ya təmir olunub”.