Konfrans Liqası: “Qarabağ” mübarizəni dayandırdı – YENİLƏNİB

 

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Globalinfo.az bildirir ki, Ağdam təmsilçisi Belçikada “Gent” klubunun qonağı olub. “Gelamko Arena”da keçirilən qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matça sürətli başlayan “köhlən atlar” 2-ci dəqiqədə qola yaxın olublar. Amma Bəhlul Mustafazadənin başla vurduğu top qapı tirinə tuş gəlib. 14-cü dəqiqədə meydan sahiblərindən Jülyen De Sartın qüvvətli zərbəsini düzgün mövqe seçən Luka Quqeşaşvili tutub. 32-ci dəqiqədə Uqo Kuypersin təhlükəli zərbəsinin qarşısını Mustafazadə alıb. 43-cü dəqiqədə Abdullah Zubir bir rəqibini keçib qapıçı ilə üzbəüz qalsa da, topa çata bilməyib. İlk hissədə qapılara qol vurulmayıb.

Fasilədən sonra ilk təhlükəli epizodu “Qarabağ” yaradıb. 47-ci dəqiqədə sürətli əks hücum zamanı Musa Qurbanlının ötürməsi Şeydayevə çatmayıb. 10 dəqiqə sonra Sven Kumsun zərbəsini Quqeşaşvili gözəl seyvlə dəf edib. Ardınca Şeydayev Qurbanlını qapıçı ilə təkbətək qoysa da, gənc hücumçu topu istədiyi kimi ram edə bilməyib. 75-ci dəqiqədə isə hesab açılıb. Standart vəziyyət zamanı Villi Orban qapını dəqiq nişan alıb. 90+6-cı dəqiqədə Kuypersin zərbəsi təhlükəli alınsa da, top qapıdan azacıq aralı keçib.

Bakıdakı ilk görüşdə ağdamlılar eyni hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb. 92-ci dəqiqədə Yassin Benzianın sol cinahdan ötürməsi təhlükəli olsa da, topa toxunan tapılmayıb. Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab dəyişməyib və qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq (5:3) oynayan “Gent” adını 1/8 finala yazdırıb.

Qeyd edək ki, bu raundun püşkü bu gün atılacaq.

***03:00

Belçikada UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Gent” və “Qarabağ” komandaları arasındakı qarşılaşmanın ikinci hissəsi start götürüb.

***00:49

Belçikada UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Gent” və “Qarabağ” komandaları arasındakı qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb.

***00:02

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Gent”-“Qarabağ” matçı start götürüb.

Globalinfo.az xəbər verir ki, “Qarabağ”ın heyətində meydana Luka Quqeşaşvili, Julio Romao, Musa Qurbanlı, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Riçard Almeyda, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev çıxıblar.

“Gent”in heyətində isə Deyvi Rof, Mişel Nqadye-Nqacui, Xönseok Xon, Uqo Kuypers, Jülyen De Sart, Alessio Kastro-Montes, Cordan Torunariqa, Sven Kums, Nurio Fortuna, Loran Depuatr, Bruno Qodo yer alıblar.

Gent şəhərindəki “Gelamko Arena”da keçirilən matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.

Bakıda rəqibinə 1:0 hesabı ilə qalib gələn Ağdam klubu Gentin eyniadlı stadionuna tarix yazmaq üçün çıxıb. Avrokuboklarda 1/8 finala adlayan ilk Azərbaycan klubu olmaq üçün “Qarabağ” ilk görüşdəki üstünlüyü qorumalı, ən pis halda isə penaltilərlə qalib gəlməlidir.

Canlı yayımı BURADAN izləyə bilərsiniz.

***22:55

Belçikada UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Gent” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, Avropa futbol qurumunun rəsmi saytında komandaların meydana aşağıdakı “11-lik”lərlə çıxacaqları bildirilib:

“Gent”: 33.Deyvi Rof, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 23.Cordan Torunariqa, 24.Sven Kums, 25.Nurio Fortuna, 29.Loran Depuatr, 31.Bruno Qodo

Ehtiyat oyunçular: 1.Pol Nardi, 2.Cozef Okumu, 10.Yens Petter Hauge, 12.Noa de Ridder, 15.Bram Laqae, 19.Malik Fofana, 20. Villi Orban, 22.Süleyman Marre, 27.Rune van den Berq, 28.Robbi van Hater, 35.Sederik van Dale, 39.Matias Fernandes

Baş məşqçi: Heyn Vanhazebruk

“Qarabağ”: 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Toral Bayramov, 87. Adama Diakabi, 90. Nəriman Axundzadə, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün Gent şəhərindəki “Gelamko Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.