Ermənilər kəndlərimizə girir – Klaar “təhdid var” deyir

“Avropalı rəsmilərin Azərbaycan əleyhinə açıqlamalarının daha əvvəl də şahidi olmuşuq. Bu dəfə Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tovio Klaara bəyan edib ki, Azərbaycan mediasında Ermənistana qarşı “təhdid” var”.

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmirəliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın qərəzli bəyanatını şərh edərkən deyib.

O bildirib ki, bəzi azərbaycanlı ekspertlər, elə şəxsən özü də işğalda olan kəndlərin qaytarılmasında güc amilini ön plana çəkib:

“Ermənistan dövlət rəsmilərinin verdiyi açıqlamalar da bu fikrin düzgünlüyünü təsdiq edir. Ancaq ekspert mövqeyi həmin dövlətin mövqeyi demək deyil. Klaar bir neçə gün əvvəl Ermənistanda Milli Demokratik Qütb adlı təşkilatın üzvlərinin Azərbaycan kəndlərində təxribat törətmək istəyinə toxunmur.

Hansı daha təhlükəlidir? Ekspert rəyi, yoxsa hansısa silahlı terror təşkilatı? Bəs bu təşkilatın hərəkətlərini dəstəkləyən erməni mediası haqqında Klaar niyə heç nə danışmır? Avropalı diplomat öz rəhbəri Cozef Borrelin yolu ilə gedir. O da Borrel kimi xəyallar görür. Bunlar heç bir fakt göstərmədən sırf Azərbaycanın adını ləkələmək, mediamızı gözdən salmaq cəhdləridir. Bu cür qərəzli açıqlamalar verib, ermənilərə can yandırmaq, daha sonra isə vasitəçiliklə bağlı təşəbbüslər irəli sürmək siyasi etikasızlıqdır.

Bu cür açıqlamalar Azərbaycanda Avropa qurumlarına olan münasibətin zədələnməsinə və Avropa İttifaqı ilə rəsmi Bakının əlaqələrinin gərginləşməsinə səbəb olacaq”.

Turan Rzayev
Globalinfo.az