Kişinyov görüşü öncəsi sirli nöqtələr üzə çıxır – Gizli oyunçuların prosesə təsiri

Sabah Moldovanın paytaxtı Kişinyov şəhərində Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq.

Görüş öncəsi Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə ümidlər olsa da, rəsmi İrəvanın sərgilədiyi mövqe bu ümidləri azaldır. Bununla belə, Prezident İlham Əliyevin Laçında verdiyi bəyanatlarda sülhün olmayacağı təqdirdə hansı addımların atılacağı sualına cavab verilib.

Bir çox ekspert hesab edir ki, hazırda sülhə mane olan Ermənistan yox, danışıqların aparıldığı paytaxtlardır. Bir-biri ilə rəqabətdə olan ABŞ, Aİ və Rusiya optimal sülh razılaşmasının olmasına imkan vermir. Çünki hərəsinin öz marağı var.

Azərbaycan ictimai rəyində isə son vaxtlar bu tezis yeridilib: ABŞ və AB sülh istəyir, Rusiya əksinə, münaqişənin uzanmasında maraqlıdır.
Bu fikir nə qədər doğrudur? Qərb həqiqətən sülh istəyir? Bəlkə imitasiya ilə məşğuldur? Ən əsas, Qarabağ məsələsində heç vaxt Azərbaycanın (haqqın) yanında olmayan Qərb nədən birdən-birə sülh carçısı olsun, barış elçiliyi eləsin?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Azərbaycanla Ermənistan arasında yekun sülhün əldə olunacağından danışmaq tezdir. Danışıqlarda irəliləyişlərə rəğmən tərəflərin bir-birinə qarşı ritorikası hələ də çox dəyişməyib:

“Bir şeyi nəzərdə tutmaq lazımdır: Ermənistan bu regionda alət kimi yaradılmış dövlətdir və onunla bağlı planlar tarixi kontekstdən qopmayıb. Strateji planlar dəyişə bilər, lakin tarixi kontekstin qalması regional ambisiyalara da təsirsiz ötüşmür, bu, sülhə dair razılaşmalarda maneə yaradan çəpərlərdən biridir.

İkinci maneə regionda toqquşub qığılcım verən maraqlardır, inanmıram ki, hətta Bakı ilə İrəvan mütləq mənada razılığa gəlsə belə, o alovlar sönsün. Böyük güclər münaqişənin firavanlıq, regional xoşbəxtlik gətirə biləcək həllindən çox, “onu necə idarə edək ki, təhlükəsizlik olsun” fikrinə fokuslanırlar.

Aqşin Kərimov

Sülh danışıqlarındakı vasitəçilərin bir-biri ilə “didişməsi” həmin elementin ortaya qoyulmasıdır, ancaq bir nöqtədə yanlış təəssürat var ki, ABŞ ilə Rusiya mübahisəli məsələlərin həlli üzrə bütün istiqamətlərdə toqquşurlar. Toqquşmanın mənzərəsini belə təsəvvür edə bilərik ki, ABŞ ilə Rusiya gizli əməkdaşlıqda maraqlıdır, lakin “kim daha çox qazanmalıdır” uğrunda mübarizə gedir”.

Ekspertin fikrincə, Ermənistanın prosesi pozmaq cəhdi həmin mübarizə fonunda hər iki nəhəngdən xal qoparmaq istəklərinə bağlanır, amma strateji üstünlük Bakının tərəfindədir:

“Azərbaycan xaricdən gələn dəstək, ABŞ-ın Bakının mövqeyi ilə razılaşdığı məqamların çoxluğu, Avropa İttifaqının etibarlı moderatorluğu, Rusiya ilə əlaqələrdəki müsbət dinamika fonunda strateji aktivlərini çoxaldır. Ancaq Azərbaycanın hərbi əməliyyatlar ssenarisini bloklamaq cəhdləri də qalmaqdadır, Bakı buna cavab olaraq “etdim və nəticə alındı, bununla razılaşmaq məcburiyyətindəsiniz” mövqeyini inadkarlıq kimi nümayiş etdirir.

Proseslərdəki sirli nöqtələrdən biri də regional arxitekturada gizli oyunçuların olmasıdır, ancaq zaman-zaman onların da maraqları gün işığına çıxır. Arada bu fikri də görürəm ki, guya Bakı ilə İrəvan kənar oyunçular olmasa, sülhə tez nail olarlar, hərçənd mən belə düşüncəni yanlış hesab edirəm.

Ermənistan hələ bir çox şeydən imtina etməyib, bunu, kənar müdaxilə olmadan da gerçəkləşdirə bilər. Məsələn, hərbi doktrinasını sülhə uyğun format edib “bağışlayın, daha işğalçı siyasət yürütməyəcəyəm” bəyanatını verə bilər.  Bunlara görə də, mən Azərbaycanla Ermənistan liderlərinin Moldovanın paytaxtında mütləq sülhlə bağlı razılıq əldə edəcəklərini düşünmürəm, uzağı ərazi bütövlüyünü qarşılıqlı tanınması barədə sənədə imza atıla bilər”.

A.Kərimov hesab edir ki, Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın görüş formatı genişlənib, bu dəfə Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts da müzakirələrdə iştirak edəcək:

“Şoltsun iştirakı Fransanın Avropa İttifaqından kənar ambisiyalara söykənən iddialarının neytrallaşdırıldığını göstərmək üçündür. Ümumilikdə Azərbaycan Prezidentinin hərbi ritorikanı gündəmdə saxlaması onu göstərir ki, Ermənistan hələ də öhdəliklərdən, gələcək sənədlərə imza atıb verdiyi razılıqları rəsmiləşdirməkdən imtina etmək istəyir”.

Turan Rzayev
Globalinfo.az