danisiqlar

Xəbər verdiyimiz kimi, ötən gün İsveçrənin Bürgenştok şəhərində İran-ABŞ rəsmiləri arasında görüş baş tutub. Danışıqların nəticələri ilə bağlı müxtəlif fikirlər səsləndirilir, hər iki tərəfin də müəyyən üstünlük əldə etdiyi bildirilir. 

Maraqlıdır, yekunda qazanan hansı tərəf oldu?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, İran və ABŞ arasında İsveçrədə keçirilən görüş və əldə edilən nəticələr müəyyən mənada bir razılaşma xarakteri daşıyır:

hikmet babaoglu

Hikmət Babaoğlu

“Yəni bundan sonra davam edəcək 60 gün ərzində ilkin razılaşmaların texniki əsaslandırılması, icra mexanizmləri və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hüquqi imkanlar müəyyənləşəcək. Biz hələ yolun başlanğıcındayıq. Qarşılıqlı təhdidlərə də şahidlik edirik. Ona görə də bu vəziyyəti hazırda 60 günlük atəşkəs kimi qiymətləndirmək olar. Bunu daha çox “60+60” günlük atəşkəs kimi qiymətləndirsək, daha yaxşı olar. Çünki birinci 60 gün ABŞ-da aralıq seçkilərə çatmır, deməli, ikinci 60 gün ərzində ABŞ-da keçirilən seçkilərdən sonra vəziyyətə görə Donald Tramp mövqeyini dəyişə, yaxud da bu mərhələdə razılaşdırılmış kimi Beynəlxalq Atom Enerjisi Agentliyinin İrana daxil olub rəy verməsi ilə fərqli situasiya yarana bilər. Bunun üçün bir qədər gözləmək lazımdır ki, kimin daha üstün olduğunu görə bilək”.

Politoloq Oqtay Qasımov isə məsələyə belə münasibət bildirib:

“İsveçrədə təxminən 18 saata qədər davam edən görüş başa çatıb və tərəflərin verdiyi açıqlamalar ümumilikdə müsbət qəbul edilib. Proses “diplomatiya müharibədən daha yaxşıdır” prinsipi ilə davam edir. Vasitəçilərin səylərini xüsusi qeyd etmək lazımdır. Danışıqlarda kimin üstünlük əldə edib-etmədiyini indidən söyləmək doğru olmaz. Zamanla bu məsələləri görəcəyik. Yayılan məlumatlarda ziddiyyətli məqamlar görünür. Bu da obyektiv təhlili çətinləşdirir. ABŞ müharibədə İrana kifayət qədər ciddi zərbələr vurub. Bu gün 2015-ci ildə Barak Obama dövründə bağlanmış sazişlə bu proses arasındakı fərq və itkilər müqayisə olunur. Trampa qarşı olanlar bunu İranın qələbəsi kimi təqdim edirlər, digər tərəflər isə bunu rəsmi Tehranın məğlubiyyəti kimi qələmə verirlər. 60 günlük müzakirə dövrünün nəticəsinə uyğun olaraq obyektiv qiymət vermək olar. Hazırda görünən vəziyyət odur ki, İran rejimi qalib gəldiyini düşünür və onlar üçün mühüm olan odur ki, İranda rejim dəyişmədi, ölkə işğal olunmadı. Lakin paralelində 250–300 milyard dollar həcmində zərərin olduğu bildirilir”.

oqtay qasimov 5

Oqtay Qasımov 

Politoloq qeyd edib ki, İranın ciddi sosial-iqtisadi sıxıntıları var:

“Bu problemlərin həlli üçün 300 milyardlıq fondun yaradılmasına başlanılıb. ABŞ-ın bu fonda birbaşa vəsait ayırmayacağı bildirilir. Bu baxımdan ilkin təəssürat kimi qiymətləndirmə əvəzinə, prosesin sonuna doğru obyektiv qiymət vermək olar. Hazırda İran rejimi qorunduğu və ABŞ-ın müəyyən şərtləri qəbul etməsi fonunda rəsmi Tehran özünü qalib hesab edir. ABŞ-ın israrlı şəkildə nüvə və digər məsələlərlə bağlı tələblərini nəzərə alsaq, bu razılaşmanın 60 gün müddətində davam edəcəyi görünür. Bu müddətin sonunda tərəflər ya yekun razılaşmaya gələcək, ya da prosesi uzadaraq vaxt qazanacaqlar. Əks halda, tərəflərdən biri bu prosesdən çıxa, nəticədə hərbi eskalasiya riski yarana bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: