ipoteka 1

Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı bəzi hüquqi məhdudiyyətlər cəmiyyətdə müzakirələrə səbəb olur. Xüsusilə evə həbs qoyulduğu halda onun satılıb-satıla bilməyəcəyi maraq doğurur.

Evə həbs qoyulubsa, onu satmaq olarmı?

Globalinfo.az-a danışan əmlak eksperti Fərid Cəfərli deyib ki, bu proses həmin əmlakın hüquqi statusuna birbaşa təsir edir:

“Onun sərəncamda olmasını məhdudlaşdırır. Ümumi qaydaya görə, daşınmaz əmlaka həbs qoyulduğu halda, həmin əmlakın satılması, bağışlanması və ya başqa formada özgəninkiləşdirilməsi mümkünsüzdür. Burada əsas məqam həbsin hansı hüquqi əsasla və məqsədlə tətbiq edilməsidir. Əgər həbs məhkəmə qərarı, icra sənədi və ya cinayət-prosessual tədbir əsasında qoyulubsa, əmlakın satılmasına həmin məhdudiyyət qüvvədə olduğu müddətdə yol verilmir. Hətta alqı-satqı müqaviləsinin bağlanması cəhdi belə hüquqi mübahisələrə, əməliyyatın etibarsız hesab edilməsinə və digər məsuliyyətlərə səbəb ola bilər”.

ferid

Fərid Cəfərli

Ekspert bildirib ki, mülkiyyət hüququnun şəxsdə qalması həmin əmlakı sərbəst satmaq hüququnun olması demək deyil:

“Həbs götürülmədən və müvafiq məhdudiyyət rəsmi qaydada aradan qaldırılmadan satış əməliyyatına cəhd etmək ciddi hüquqi risklər yaradır. Bütün hallarda, evə həbs qoyulubsa, ilk növbədə həbsin hüquqi əsası araşdırılmalı, onun ləğvi və ya götürülməsi üçün qanunvericilikdə nəzərdə tutulan hüquqi mexanizmlərdən istifadə edilməlidir. Yalnız bundan sonra əmlakın satılması məsələsinin hüquqi baxımdan təhlükəsiz şəkildə həlli mümkündür”.

Ləman İmran
Globalinfo.az

Paylaş: