“Gürcüstan Rusiya ilə münasibətlərdə mövcud problemlərin həlli üçün Moskva ilə dialoqdan çəkinməməli və bu istiqamətdə yaranmış qorxunu aradan qaldırmalıdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Imedi” telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, son illərdə müxalifət cəmiyyətdə Rusiya ilə danışıqların qəbuledilməz olduğu barədə fikir formalaşdırmağa çalışıb. O hesab edir ki, iki ölkə arasında mövcud çətinliklərin aradan qaldırılması üçün birbaşa təmaslar vacibdir.
“Bu, ən çox problem yaşadığımız ölkədir və həmin problemləri dialoq olmadan həll etmək mümkün deyil. İlk növbədə, danışmaq qorxusunu aradan qaldırmalıyıq. Problem yaşadığın tərəflə söhbət etməkdə qorxulu heç nə yoxdur”, – Boçorişvili bildirib.
XİN rəhbəri, həmçinin Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Georgi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında keçirilən görüşə münasibət bildirib.
Onun sözlərinə görə, tərəflərin təması nəticəsində bir sıra praktiki razılaşmalar əldə olunub.
Safura Bənnayeva
Globalinfo.az