israil baki 12

Yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli şəxslərinin iştirakı ilə görüşü keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Trend-ə İsrailin Bakıdakı səfirliyndən bildirilib.

Sözügedən tədbir İsrailin yeni xarici işlər naziri Eli Koenin yanvarın 2-də vəzifəsinin icrasına başlamasında qısa müddət sonra baş tutacaq.
2023-cü ildə belə bir görüşün məhz paytaxtımızda keçirilməsi diqqət çəkir.

Maraqlıdır, İsrail üçün mühüm hesab ediləcək bir görüşün məhz Azərbaycanda keçirilməsi hansı mənaya gəlir? Bu, İrana ünvanlanmış bir mesaj ola bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov deyib ki, İsrail ilə Azərbaycan arasında münasibətlər hər zaman öz dinamikliyi və intensivliyi ilə seçilib:

“Yeri gəlmişkən, Azərbaycanın İsraildə səfirlik açması da çox strateji bir qərardır. Bu, öz növbəsində bir çox siyasi məqsədlərə xidmət edir.
İki ölkə arasında iqtisadi-siyasi, humanitar-mədəni əlaqələr hər zaman yüksək olub. Azərbaycanda yəhudilər hər zaman çox rahat, təhlükəsiz və komfort şəraitdə yaşayıblar. Bu, əsirlərdir belədir. Azərbaycan yeganə müsəlman ölkədir ki, yəhudilər burada kompakt şəkildə yaşayıb və özlərini cəmiyyətin bir parçası olaraq görüblər. Bu da Azərbaycanın multikultural tərəfini göstərir.

Digər tərəfdən, iki ölkə strateji-hərbi müttəfiqdir. Bu isə heç kəsə sirr deyil. 2016-cı ilin aprel döyüşlərində İsrail istehsalı olan PUA-lar özünün nəyə qadir olduğunu və iki ölkə strateji müttəfiqliyini bir daha göstərdi.

O ki qaldı 16-18 yanvar tarixlərində İsrailin Avrasiya ölkələrindəki səfirlərinin və İsrail XİN Mərkəzi Aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakıda xidməti müşavirə keçirməsinə, bu, çox mühüm hadisədir.

Bu bizim geosiyasi maraqlarımıza uyğundur. Digər tərəfdən, bu görüşün məhz paytaxtımızda keçirilməsi qalib ölkə kimi imicimizə də müsbət təsir edəcək.

Bildiyiniz kimi dünyanın ən güclü lobbisi məhz yəhudi lobbisidir. Azərbaycan-İsrail münasibətlərinin inkişaf etməsi yəhudi lobbisinin də dəstəyini əldə etməyimizə səbəb olacaq”.

Politoloqun sözlərinə görə, Binyamin Netanyahunun seçkilərdə qalib gəlməsi sonrası belə bir görüşün Bakıda keçirilməsi təsadüfi deyil:
“Netanyahu Azərbaycanın sadiq dostudur. Onun dövründə iki ölkə münasibətləri tarixin ən yüksək mərhələsinə qədəm qoydu. Digər tərəfdən, strateji hərbi əməkdaşlığımız da genişləndi. Bu isə Bakı üçün mühüm amildir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: