Ermənistanda kritik görüş: Pezeşkianın adamına təklif verildi

İran Prezidenti Məsud Pezeşkianın birinci müavini Məhəmmədrza Arif ötən gün Ermənistana səfər edib.

Səfərin diqqətçəkən tərəfi M.Arifin İrəvanda Avrasiya İqtisadi İttifaqının (Aİİ)  dövlət başçılarının iclasında iştirak etməsidir. Məlumata görə, sözügedən iclasda İranın bu birliyə üzvlük prosesi müzakirə olunub.

Tehran Aİİ-yə qoşularaq nəyə nail olmağa çalışır?

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, İran hazırda beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətdədir:

“Proses uzun illərdir davam edir. Tehran çətin ki, qısa zaman ərzində bu vəziyyətdən çıxa bilsin. Qərb də İranla yaxınlaşmaq istəmir. ABŞ bu prosesə xüsusilə rəhbərlik edir.

İrana tətbiq olunan sanksiyalar ölkəni iqtisadi baxımdan çətin vəziyyətə salıb, müraciət edə biləcəyi təşkilatlar da çox deyil. Yəni Tehranın Aİİ-yə üzv olmaq istəməsi başadüşüləndir.

Qərb təşkilatlarına üzv olmaq indiki məqamda çox çətindir. Belə ki, irəli sürülən şərtlər, standartlar olduqca sərtdir. Rusiya isə Aİİ-yə üzvlüklə bağlı xüsusi bir şərt qoymur, təşkilatda olan dövlətlərin sayı Kremli daha çox maraqlandırır. İran üçün ittifaqa üzvlük məqbuldur”.


Vaqif Hüseyn

Politoloq bildirib ki, İranın Rusiya başda olmaqla üzv ölkələrin hamısı ilə münasibətləri yaxşıdır:

“Yəni bu ölkələrlə əməkdaşlıq İran üçün müsbət dividentlər qazandıra bilər. Tehranın bu ittifaqa üzvlüyü, Ermənistanın regional blokadasının bitməsi deməkdir. Aİİ həm də özlüyündə sərhədsizlik siyasəti aparır. Yəni üzv ölkələr sərhədləri aradan qaldırıb Avropa İttifaqı bənzəri bir struktura keçmək istəyirlər. Belə olan təqdirdə İranın təşkilatda iştirakı ən çox Ermənistanın işinə yarayacaq.

Rəsmi İrəvan Tehran üzərindən fars körfəzinə çıxış əldə edə bilər. Bu halda Ermənistanın Hind okeanı vasitəsilə iqtisadi gücü arta bilər”.

Turan Rzayev
Globalinfo.az