Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi artıq həlledici mərhələyə daxil olub. Lakin rəsmi Bakının sülh müqaviləsinə imza atmaq üçün Ermənistan Konstitusiyasının dəyişməsi ilə bağlı irəli sürdüyü tələb yerinə yetirilməyib.
İrəvan Konstitusiya dəyişikliyinin 2027-ci ildə həyata keçiriləcəyini bildirsə də, Bakı sülh sazişi üçün bu məsələnin həll olunmasının vacibliyini vurğulayır. Avqustun 8-də isə ABŞ-da Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh sazişinin paraflanması prosesinin baş verə biləcəyi, bu istiqamətdə sənədin imzalanacağı deyilir.
Ümumiyyətlə, Ermənistan bu dəyişikliyi etmədən sülh sazişi paraflana və ya imzalana bilərmi?
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, bu barədə Azərbaycan Respublikasının Konstitusiyasında imperativ istiqamətlər yer alıb:
“Ana qanunumuzun 95-ci maddəsində Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlərın sırasına daxildir. Bu, o deməkdir ki, sülh müqaviləsi imzalanmazdan öncə ölkə parlamenti dövlət başçısının müraciətinə əsasən buna razılıq verməlidir.

Elçin Mirzəbəyli
Doğrudur, Konstitusiyanın bu maddəsinə münasibətdə fərqli yanaşmalar da var və şübhəsiz ki, belə məsələlərin hüquqi müstəvidə fərqli yozumlara yol açması da təbii qəbul edilməlidir. Lakin qənaətimə görə, hətta müharibə elan olunmasa da, de-fakto baş verən, daha sonra isə hüquqi müstəvidə öz əksini tapan sülh müqaviləsinin imzalanması üçün Milli Məclisin razılığının olması Konstitusiyada açıq şəkildə öz əksini tapıb”.
Politoloq Elçin Xalidbəyli isə bildirib ki, rəsmi Bakının Ermənistanla yekun sülh sazişinin imzalanması üçün irəli sürdüyü iki prinsipial və dəyişməz şərti mövcuddur:
“Birinci şərt ondan ibarətdir ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar tam şəkildə çıxarılmalıdır. Bu, Azərbaycanın ərazi bütövlüyünün hüquqi baxımdan tanınması və gələcəkdə yeni təhdidlərin qarşısının alınması üçün vacibdir.
İkinci əsas şərt isə ATƏT-in Minsk qrupunun fəaliyyətinin tamamilə dayandırılması ilə bağlıdır. Bu istiqamətdə artıq ciddi irəliləyiş müşahidə olunur. Vaşinqtonda baş tutan son görüş də prosesə təkan verib. Belə ki, Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ artıq onun iştirakı olmadan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində vasitəçilik missiyasını öz üzərinə götürüb. Bu fakt özlüyündə Minsk qrupuna ehtiyac qalmadığını və onun formal olaraq ləğvinin də qarşısında heç bir maneənin olmadığını göstərir. Yaxın zamanlarda bu məsələnin hüquqi müstəvidə tam həll ediləcəyi gözlənilir”.

Elçin Xalidbəyli
Politoloq qeyd edib ki, Ermənistanın Konstitusiyasında dəyişikliklərin aparılması sülh prosesinin gedişatı və uğurla nəticələnməsi üçün mütləqdir:
“Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları əks olunduğu müddətdə rəsmi Bakı sülh sənədinə imza atmayacaq. Tələb edilən dəyişikliklərin yerinə yetirilməməsi prosesi faktiki olaraq mənasızlaşdırır. Odur ki, bu, Ermənistan üçün də qaçılmaz addımdır.
Vaşinqton görüşündə yekun sülh sazişinin imzalanması gözlənilmir. Lakin prosesin gedişi ümidvericidir. Bu görüşdən sülh sazişinin imzalanması kimi radikal nəticə gözləmək real deyil. Sadəcə olaraq, ABŞ-ın vasitəçiliyi ilə iki ölkənin liderlərinin sülh sazişi layihəsinin mətninə razılıq verməsi və sənədin imzalanmasına hazır olduqlarını əks etdirən “niyyət protokolu”nun qəbul edilməsi mümkündür. Bu, gələcəkdə yekun sazişin imzalanması üçün mühüm addım ola bilər”.
Safura Bənnayeva
Globalinfo.az