putin 2 900x600 2

Rusiya qarşıdakı 15 il ərzində dünya uran hasilatının üçdəbirinə birbaşa və ya dolayı yolla nəzarət edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat dərc edib.

Nəşrin yazdığına görə, Britaniyanın Strateji Üstünlüklər Mərkəzinin analitikləri bu qənaətə gəliblər. Məlumata əsasən, yalnız Rusiya ərazisində hasil olunan uran nəzərə alınarsa, ölkənin dünya bazarındakı payı 2024-cü ildə təxminən 5 faiz təşkil edib. Lakin “Rosatom”a məxsus “Uranium One” şirkəti Qazaxıstan, Tanzaniya və Namibiyada da uran hasil edir. Şirkət yaxın vaxtlarda Nigerlə də saziş imzalayıb.

Mərkəzin hesablamalarına görə, xaricdəki mədənlər də nəzərə alındıqda, Rusiya 2024-cü ildə dünya uran hasilatı gücünün təxminən dörddəbirinə nəzarət edib. Analitiklər bu göstəricinin 2040-cı ilədək 36 faizə yüksələ biləcəyini proqnozlaşdırırlar.

Mərkəzin analitiki Qaret Heyvud bildirib ki, 2040-cı ilə qədər dünya Rusiyada hasil olunan urandan asılı vəziyyətə düşə bilər. Bu, Qərbin ən azı 2022-ci ildə Rusiya nefti və qazından asılılığı qədər olacaq.

Nəşr qeyd edir ki, son illərdə urana tələbatın aşağı olması və qiymətlərin ucuzlaşması fonunda Qərb ölkələri yeni yataqların işlənməsinə yatırılan investisiyaları azaldıblar. Bununla belə, Mərkəz qarşıdakı illərdə dünya bazarında urana tələbatın arta biləcəyini düşünür. Uran hasilatı sənayesinin nümayəndələri isə yeni layihələrə uzunmüddətli investisiya qoyuluşu üçün hökumətlərdən təminat gözləyirlər.

Niderland və Böyük Britaniya hökumətlərinin nəzarətində olan “Urenco” şirkətindən bildirilib ki, atom enerjisinin uzunmüddətli enerji təhlükəsizliyi strategiyasının bir hissəsi olaraq qalacağına dair hökumətdən aydın siqnal almaq istəyirlər.

Qeyd edək ki, Rusiya ABŞ-dakı kommersiya atom elektrik stansiyalarının əsas uran tədarükçülərindən biri olub. ABŞ 2024-cü ilin mayında Rusiyadan uran idxalını qadağan edib. Lakin 2028-ci ilədək müəyyən istisnalar qüvvədədir.
Rusiyadan kənarda “Uranium One” şirkətinin iştirakı ilə hasil edilən urana isə ABŞ sanksiyaları şamil olunmur.
Avropa İttifaqı isə Rusiyadan uran idxalını qadağan etməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: