Bakı və İrəvan arasında yeni format yaranıb – Politoloq

“Azərbaycan və Ermənistan arasında uzun müddətdir ki, həm liderlər, həm də xarici işlər nazirləri çərçivəsində danışıqlar aparılır. Artıq yeni bir formatın – Parlament sədrləri arasında da danışıqların şahidi olduq. Parlament diplomatiyasının istiqamətləri daha fərqli olur”.

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev Azərbaycan və Ermənistanın parlament sədrləri Sahibə Qafarova ilə Alen Simonyanın Cenevrədə baş tutan görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, parlamentlərarası əməkdaşlıq mühitinin formalaşması həmçinin xalqlar arasında etimad mühitinə də təsir göstərə bilər:

“Sahibə Qafarova beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış, dərin təcrübəyə malik siyasətçidir. Uzun müddət Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində fəal diplomatik missiya icra edib.

Sahibə xanımın spiker seçilməsindən sonra parlament diplomatiyası çox güclü şəkildə işləyir. Müxtəlif ölkələrlə bu sahədə fəal əməkdaşlıq edilir. Düşünürəm ki, bu cür görüşlərin intensiv keçirilməsinə ehtiyac var. Sülhə gedən yolda Ermənistanın etməli olduğu çox şey var. Bir çox qanunlarında ciddi dəyişikliklər edilməlidir. Onların bəzi qanunlarında saxta ideyalar yer alıb. Bu cəhətdən parlamentlərarası əməkdaşlıq vacib amildir.

Görüşü uğurlu hesab etmək olar. İlkin təmaslar göstərir ki, bu cür görüşlərin keçirilməsi sülhə daha tez çatmaq üçün mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, çox yaxında hər iki ölkənin parlament rəhbərləri arasında yeni görüşün şahidi ola bilərik”.

Turan Rzayev
Globalinfo.az