Bayramov-Mirzoyan görüşünün gerçək səbəbi…

“Diplomatik mənbələrdən aldığım məlumata görə, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşündə sülh müqaviləsinin mətni hazırlanacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı ermənilərin hüquq və təhlükəsizlik məsələlərini sülh müqaviləsinə salmağa çalışır:

“Lakin bu, müqavilədə yer almayacaq. Prosesi ləngidən digər məqam N.Paşinyanın anklavlarla bağlı mövqeyi və sərhədlərin delimitasiyasında ordunun “güzgü prinsipi” ilə geri çəkilməsi istəyidir. Ermənistan tərəfinin bu kimi təklifləri sülh bağlanmasını gecikdirir.

Məhəmməd Əsədullazadə

ABŞ Ermənistanın mövqeyində dəyişikliklər edərək, əsassız iddialarından geri çəkilməsinə nail olacaq. Necə ki, ABŞ-da may ayında keçirilən danışıqlardan sonra N.Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi rəsmən qəbul etdi. Xarici işlər nazirlərinin növbəti görüşündə sülh müqaviləsi mətninin hazırlanması gözlənilir. İlin axırına kimi sülh bağlanması mümkündür.
Artıq Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Qarabağın statusunun müzakirə edilməyəcəyini və ilin axırına kimi sülh müqaviləsinin bağlanmasının mümkün olduğunu vurğuladı”.

Turan Rzayev
Globalinfo.az