Ermənistan sərhəddə təxribatlara məcbur edilir – “Bakı dözməyəcək…”

Ermənistanın son zamanlar Qərbə istiqamətlənməsi fonunda Rusiya ilə iqtisadi əlaqələrini də gücləndirməsi diqqət çəkir.

Məlumata görə, İrəvan Moskva ilə ticarət dövriyyəsini 2-3 milyarddan 15 milyarda qədər qaldırıb. Digər tərəfdən isə ABŞ və Qərbdən bu ölkəyə ayırılan yardımın miqdarı artırılıb.

Ümumiyyətlə, bir-biri ilə konfliktdə olan iki qütbün – Brüssel və Moskvanın Ermənistan sevgisinin səbəbi nədir? Prosesin pərdəarxasında nələr baş verir?

Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, İrəvan hakimiyyəti ölkəni regionda maraqlı olan xarici güc faktorlarının əlində oyuncağa çevirib:

“Daha dəqiq desək, Ermənistan yaxşı təklif verən tərəfə peşkəş çəkilir. Rəsmi İrəvanın alver predmentinə çevrilməsi nəticəsində bu ölkə həmin güc mərkəzlərinin diktəsini yerinə yetirməli olur. Lakin ortada ciddi bir sual var: Ermənistan hansı tərəfin sözünü dinləməlidir?

İrəvan balans yaratmağa çalışsa da, bu, qeyri-mümkündür. Çünki Brüssel və Moskvanın bu ölkəyə yanaşmasında müəyyən fərqliliklər var. Məsələn, Kreml Ermənistanı özünün yaratdığı tarixi forpost kimi görür. Təbii olaraq öz forpostunun başqa bir qütbə meyl etməsi ilə barışmır və onu əlində tutmağa çalışır. Bunu bəzən sərt, bəzən isə yumşaq güc siyasəti ilə edir. Məhz ona görə rahatlıqla deyə bilərik ki, Rusiya Ermənistanı belə asan şəkildə Qərbə hədiyyə etməyəcək”.


Tural İsmayılov

Politoloqun sözlərinə görə, Brüssel əlindəki bütün vasitələrdən istifadə edərək həm özünə Ermənistanda yer etməyə, həm də tədricən Rusiyanı oradan sıxışdırıb çıxarmağa çalışır:

“Bunu əsasən İrəvana ayırdığı maliyyə və hərbi yardımları vasitəsilə edir. Həmçinin daxildə anti-Rusiya ab-havasını gücləndirmək istəyir. Fikrimcə, Qərb məqsədinə nail olur.

Bütün hallarda Ermənistan rəhbərliyi ölkəni regionda marağı olan qüvvələrin əlində oyuncağa çevirib. İstənilən halda bu məsələ bizi narahat edir. Çünki Qərbin Rusiya ilə nüfuz mübarizəsi öz növbəsində Ermənistanla Azərbaycan arasında sülh prosesinə də təsir göstərmiş olur. İrəvanı regionda tez-tez təxribatlara sövq edirlər. Bakı hələ ki bu məsələlərə təmkinli yanaşır, lakin mövcud vəziyyətlə uzun müddət barışa bilmərik”.

Turan Rzayev
Globalinfo.az