İRAQDAN İRANA: ABŞ HƏRBİ MÜDAXİLƏLƏRİNİN MÜQAYİSƏLİ ANATOMİYASI VƏ DƏYİŞƏN GEOSİYASİ REALLIQLAR
ABŞ-ın İraq və İran kontekstində həyata keçirdiyi hərbi əməliyyat ssenariləri arasında həm müəyyən oxşarlıqlar, həm də ciddi fərqlər mövcuddur. Bu iki situasiyanın düzgün qiymətləndirilməsi üçün onların hüquqi əsaslarının, beynəlxalq hüquq normaları çərçivəsində tətbiq imkanlarının və legitimlik məsələlərinin müqayisəli təhlili xüsusi əhəmiyyət kəsb edir. Məsələyə sırf beynəlxalq hüquq prizmasından yanaşdıqda, siyasi və ideoloji arqumentlərdən kənara çıxaraq, dövlətlərin davranışlarını tənzimləyən hüquqi prinsiplərin tətbiqi ilə daha obyektiv nəticələrə gəlmək mümkündür. Bu baxımdan, aparılan təhlilin əsas məqsədi tərəflərdən hansının haqlı və ya haqsız olduğunu müəyyən etmək deyil, mövcud hərbi müdaxilələrin beynəlxalq hüququn norma və prinsipləri ilə nə dərəcədə uzlaşdığını araşdırmaqdan ibarətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, beynəlxalq hüquq sistemi məhz dövlətlərin razılığı əsasında formalaşmış və onların riayət etməli olduqları ümumi davranış qaydalarını müəyyən edən normativ çərçivədir. Bu səbəbdən də, xüsusilə nüfuzlu dövlətlərin özlərinin iştirak etdiyi hüquqi rejimlərə münasibətdə tutduqları mövqe və praktik fəaliyyətləri beynəlxalq hüququn effektivliyi və universallığı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə, İraq təcrübəsi ilə İranla bağlı mümkün ssenarilərin müqayisəsi beynəlxalq hüququn tətbiqində ardıcıllıq və selektivlik məsələlərini də üzə çıxarmağa imkan verir.
İlk növbədə oxşar cəhətlərə diqqət yetirdikdə, hər iki halda ABŞ-ın əsaslandırma kimi milli təhlükəsizlik və regional sabitlik arqumentlərindən istifadə etdiyini müşahidə etmək mümkündür. 2003-cü il İraqın işğalı zamanı ABŞ administrasiyası İraqın kütləvi qırğın silahlarına malik olması və terrorizmə dəstək verməsi iddialarını əsas gətirmişdir. Oxşar yanaşma İrana münasibətdə də vaxtaşırı müşahidə olunur və bu yanaşma xüsusilə onun nüvə proqramı və regiondakı təsir imkanları ilə bağlı narahatlıqlarla əsaslandırılır. Bundan əlavə, hər iki halda ABŞ öz hərbi fəaliyyətlərini preventiv və ya qabaqlayıcı müdafiə tədbiri kimi təqdim etməyə çalışmışdır ki, bu da beynəlxalq hüquq doktrinasında geniş mübahisələr doğuran məsələlərdən biridir.
Digər mühüm oxşarlıq ondan ibarətdir ki, hər iki situasiya Yaxın Şərq regionunda geosiyasi balansın dəyişdirilməsi ilə sıx bağlıdır. İraqın işğalı nəticəsində regionda güc balansı əhəmiyyətli dərəcədə transformasiyaya uğramış, bu proses BMT çərçivəsində də birmənalı qarşılanmamışdır. İrana qarşı mümkün hərbi əməliyyat ehtimalı da oxşar şəkildə regional və qlobal güclərin maraqlarının toqquşmasına səbəb ola biləcək potensiala malikdir.
Fərqli cəhətlərə gəldikdə isə, bu məsələlər daha dərin və hüquqi baxımdan daha əhəmiyyətlidir. Əsas fərq hüquqi legitimlik məsələsində özünü göstərir. İraq əməliyyatı zamanı ABŞ müəyyən beynəlxalq sənədlərə və əvvəlki qətnamələrə istinad etməyə çalışsa da, ümumilikdə bu müdaxilə beynəlxalq hüquq baxımından ciddi şəkildə mübahisələndirilmişdir. İrana qarşı birbaşa hərbi əməliyyat isə daha mürəkkəb hüquqi nəticələr doğura bilər. Belə ki, İranın ABŞ-a qarşı açıq silahlı hücum həyata keçirməməsi şəraitində, belə bir müdaxilə BMT Təhlükəsizlik Şurası tərəfindən açıq mandat olmadan daha aydın şəkildə beynəlxalq hüquqa zidd kimi qiymətləndirilə bilər.
Ümumiyyətlə, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq baxımından yanaşdıqda, belə bir müharibənin başlanması və davam etdirilməsinə hüquqi əsas tapmaq olduqca mürəkkəbdir. Bu kontekstdə BMT Nizamnaməsinin 2(4)-cü maddəsi xüsusi əhəmiyyət kəsb edir. Həmin müddəaya əsasən, təşkilata üzv olan bütün dövlətlərə başqa bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək, yaxud belə güclə hədələmək qadağan olunur. Bu norma müasir beynəlxalq hüququn fundamental prinsiplərindən biri kimi çıxış edir və dövlətlərarası münasibətlərdə gücdən istifadənin ümumi qadağasını təsbit edir.
Nizamnamənin sistematik təhlili göstərir ki, güc tətbiqinə yalnız məhdud hallarda icazə verilir. Belə ki, BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunması məqsədilə, hər hansı bir dövlətin sülhü pozduğu, təhdid etdiyi və ya təcavüz aktı törətdiyi qənaətinə gəldikdə, kollektiv tədbirlər çərçivəsində güc tətbiqinə sanksiya verə bilər. Bu ümumi qadağanın yeganə istisnası isə Nizamnamənin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququdur. Həmin maddəyə əsasən, dövlət yalnız silahlı hücuma məruz qaldığı halda, fərdi və ya kollektiv şəkildə özünümüdafiə məqsədilə güc tətbiq edə bilər. Bununla yanaşı, bu hüququn həyata keçirilməsi də zərurət və proporsionallıq prinsipləri ilə məhdudlaşdırılır və müvafiq tədbirlər dərhal Təhlükəsizlik Şurasına bildirilməlidir.
Qeyd etmək istərdik ki, bir dövlətin gələcəkdə silahlı hücuma məruz qala biləcəyi ehtimalına əsaslanaraq qabaqlayıcı şəkildə başqa bir dövlətə qarşı güc tətbiq etməsinin mümkünlüyü beynəlxalq hüquq doktrinasında geniş müzakirə olunmuşdur. Bununla belə, formalaşmış yanaşmaya görə, belə ehtimallara söykənən və konkret, qaçılmaz təhlükə ilə əsaslandırılmayan hərbi müdaxilələr beynəlxalq hüquq baxımından legitim hesab edilmir. ABŞ tərəfindən müxtəlif dövrlərdə irəli sürülən əsaslandırmalar rejim dəyişikliyi, İran vətəndaşlarının öz hökumətlərinin iddia olunan zorakılıqlarından qorunması, İranın ballistik raket proqramının dayandırılması və ya kifayət qədər sübutlarla təsdiqlənməmiş nüvə silahı proqramının qarşısının alınması beynəlxalq hüquq normaları çərçivəsində güc tətbiqini haqlı çıxaran əsaslar kimi qəbul olunmur.
Xüsusilə vurğulanmalıdır ki, İran tərəfindən ABŞ-a qarşı silahlı hücumun baş verməməsi və ya belə bir hücumla bağlı real və qaçılmaz təhlükənin mövcud olmaması şəraitində, özünümüdafiə hüququna istinad edilməsi hüquqi baxımdan əsaslı görünmür. Beynəlxalq hüquqda özünümüdafiə yalnız silahlı hücumun baş verdiyi və ya qaçılmaz olduğu hallarda tətbiq oluna bilər və bu prinsipin genişləndirici şəkildə şərh edilməsi ciddi mübahisələr doğurur. Yeri gəlmişəkən Rusiya Ukraynaya hücum edərkən, o da özünümüdafiə hüququndan istifadə etdiyini bəyan etmişdir. Halbuki, Rusiya üçün də hər hansı bir hücum təhlükəsi yox idi.
Tarixi təcrübə göstərir ki, ABŞ müxtəlif ölkələrdə, o cümlədən 1953-cü ildə Məhəmməd Müsəddiq hökumətinin devrilməsində iştirak etmişdir, lakin bu kimi müdaxilələrin heç biri BMT tərəfindən legitimləşdirilməmişdir. Bunun əsas səbəbi ondan ibarətdir ki, rejim dəyişikliyi beynəlxalq hüquqda müstəqil hüquqi əsas kimi tanınmır və güc tətbiqini əsaslandıran legitim səbəb hesab edilmir.
İran əhalisinin kütləvi vəhşiliklərdən qorunması arqumenti də BMT Nizamnaməsi çərçivəsində müstəqil və avtomatik hüquqi əsas kimi çıxış etmir. 2005-ci ildə BMT-yə üzv bütün dövlətlər tərəfindən qəbul edilmiş “Qoruma Məsuliyyəti” konsepsiyası, doğrudan da, dövlətin öz əhalisini soyqırımı, etnik təmizləmə, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdən qoruya bilmədiyi və ya qorumaq istəmədiyi hallarda beynəlxalq ictimaiyyətin kollektiv şəkildə hərəkət etməli ola biləcəyini nəzərdə tutur. Bu konsepsiya BMT Təhlükəsizlik Şurası mexanizmlərindən kənar birtərəfli güc tətbiqinə hüquqi əsas yaratmır, əksinə, belə tədbirlərin legitimliyi yenə də Təhlükəsizlik Şurasının mandatından asılıdır. Buna görə də, humanitar müdaxilə və ya “Qoruma Məsuliyyəti” konsepsiyası çərçivəsində irəli sürülən arqumentlər, Şura tərəfindən sanksiya verilmədiyi təqdirdə, beynəlxalq hüquqi baxımdan mübahisəli olaraq qalır.
İranın nüvə silahı hazırlaması ilə bağlı iddialar da beynəlxalq hüquqi qiymətləndirmədə mühüm rol oynayır. Bu kontekstdə Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində aparılmış danışıqlar və beynəlxalq monitorinq mexanizmləri, habelə müxtəlif kəşfiyyat və nəzarət qurumlarının qiymətləndirmələri bu iddiaların birmənalı və danılmaz şəkildə təsdiqlənmədiyini göstərmişdir. Bu isə preventiv və ya qabaqlayıcı özünümüdafiə arqumentlərinin hüquqi əsaslandırılmasını daha da zəiflədir. Bununla yanaşı, silahlı münaqişə zamanı həyata keçirilən konkret hərəkətlərin qiymətləndirilməsi artıq beynəlxalq humanitar hüququn predmetinə daxildir. Əgər mülki obyektlərin hədəfə alınması, xüsusilə məktəblər kimi qorunan obyektlərə qarşı hücumlar və ya döyüş əməliyyatlarında iştirak etməyən şəxslərin qəsdən öldürülməsi kimi hallar baş verərsə, bu əməllər, beynəlxalq humanitar hüququn əsas prinsipləri, fərqləndirmə, proporsionallıq və zərurət baxımından ciddi pozuntu kimi qiymətləndirilə bilər və müəyyən hallarda müharibə cinayətləri kimi tövsif oluna bilər. Eyni şəkildə, silahlı münaqişə kontekstində belə, məhkəməsiz və hüquqi prosedurlar olmadan həyata keçirilən məqsədli öldürmələr də beynəlxalq hüquq çərçivəsində ciddi hüquqi mübahisələr doğurur.
Ümumilikdə, qeyd olunan arqumentlər göstərir ki, həm humanitar əsaslandırmalar, həm də təhlükəsizliklə bağlı iddialar beynəlxalq hüququn mövcud normaları çərçivəsində avtomatik olaraq güc tətbiqinə legitimlik qazandırmır və belə halların hər biri ayrıca, ciddi hüquqi meyarlar əsasında qiymətləndirilməlidir.
9 aprel 2003-cü il. Bağdadın mərkəzində İraq prezidenti Səddam Hüseynin heykəli aşırdılır
Hərbi-strateji baxımdan da ciddi fərqlər mövcuddur. İraq 2003-cü ildə nisbətən zəifləmiş hərbi infrastruktura malik idi və qısa müddətdə işğal olundu. İran isə həm coğrafi baxımdan daha geniş və mürəkkəb əraziyə, həm də daha inkişaf etmiş müdafiə imkanlarına malikdir. İranın regional müttəfiqləri və qeyri-dövlət aktorları vasitəsilə asimmetrik cavab vermək potensialı da ABŞ üçün riskləri əhəmiyyətli dərəcədə artırır. Bu isə hərbi əməliyyatların daha uzunmüddətli və qeyri-müəyyən nəticələr doğura biləcəyini göstərir.
Siyasi kontekst də fərqlidir. İraq daxilində rejim dəyişdirilməsi üçün müəyyən daxili və xarici dəstək elementləri mövcud idi. İranda isə mövcud siyasi sistem daha stabil görünür və xarici müdaxiləyə qarşı milli müqavimət ehtimalı daha yüksək qiymətləndirilir. Bu da hərbi əməliyyatların sosial və siyasi nəticələrini daha mürəkkəb edir.
Nəhayət, beynəlxalq reaksiyalar baxımından da fərqlər diqqət çəkir. İraq müharibəsi zamanı belə ABŞ müttəfiqləri arasında fikir ayrılıqları mövcud idi. İrana qarşı mümkün hərbi əməliyyat isə daha geniş beynəlxalq müqavimətlə qarşılaşa bilər, çünki bu, təkcə regional deyil, qlobal enerji təhlükəsizliyi və iqtisadi sabitlik üçün də ciddi risklər yaradır.
Nəticə etibarilə, ABŞ-ın İraqda həyata keçirdiyi hərbi əməliyyatlar ilə İrana qarşı baş vermiş və ya ehtimal edilən hərbi müdaxilə arasında müəyyən strateji oxşarlıqlar müşahidə olunsa da, hüquqi əsaslandırma, hərbi imkanlar, regional dinamika və beynəlxalq münasibətlər baxımından bu iki situasiya əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərqlər İrana qarşı hər hansı hərbi addımın daha riskli və nəticələri etibarilə daha qeyri-müəyyən olacağını göstərir.
Beləliklə, İraqda nailiyyət əldə edən ABŞ İranda nəyə nail oldu?
Etiraf etmək lazımdır ki, ABŞ-İsrail müttəfiqliyi hərbi baxımdan müəyyən real nəticələr vermişdir. Demək olar ki, tamamilə hava müharibəsi formasında aparılan bu kampaniya quru əməliyyatlarından yayınaraq, aviasiya, idarəolunan raketlər və pilotsuz uçuş aparatları vasitəsilə intensiv bombardmana əsaslanmışdır. İran ərazisində minlərlə hədəf, o cümlədən hərbi bazalar, raket platformaları, sənaye obyektləri və tədqiqat müəssisələri vurulmuşdur. İranın yüksək səviyyəli siyasi, hərbi və təhlükəsizlik rəsmiləri də daxil olmaqla bir sıra rəhbər şəxslər məqsədli şəkildə aradan götürülmüş, hava hücumundan müdafiə sistemlərinə ciddi zərər vurulmuş və bunun nəticəsində İran hava məkanına əhəmiyyətli, lakin tam mübahisəsiz olmayan nəzarət imkanları əldə edilmişdir.
Demək olar ki, bu prosesdə infrastruktur da hədəfə alınmışdır. İranın nüvə proqramının bəzi elementləri, o cümlədən Arakdakı ağır su obyektinə ciddi zərər dəymişdir, lakin digər əsas nüvə obyektlərinin vəziyyəti hələ də qeyri-müəyyən olaraq qalır. Zərbələr yalnız sırf hərbi hədəflərlə məhdudlaşmamış, polad zavodları, neft-kimya müəssisələri və digər mülki sənaye sahələrini, habelə ikili təyinatlı funksiyalar daşımaqda ittiham olunan universitet və tədqiqat mərkəzlərini də əhatə etmişdir. İranın Fars körfəzi və Ərəb dənizindəki dəniz imkanları əsasən neytrallaşdırılmış, qalan qüvvələr isə kiçik və sürətli hücum katerləri ilə məhdudlaşmışdır.
Müharibə İran sərhədlərindən kənara da yayılmışdır. Livanda İsrailin Hizbullaha qarşı əməliyyatları məqsədli sui-qəsdləri, ölkənin cənub bölgələrində və Beyrutun cənub ətraflarında genişmiqyaslı dağıntıları, eləcə də məhdud quru müdaxilələrini əhatə etmişdir. İraqda isə ABŞ və İsrail tərəfindən İranla əlaqəli polis mövqeləri və rəhbər şəxslər hədəfə alınmış, lakin burada digər bölgələrdə müşahidə olunan dağıntı miqyası eyni səviyyədə olmamışdır. Bu nailiyyətlərə baxmayaraq, əsas strateji məqsədlər həyata keçirilməmişdir. Geniş şəkildə ABŞ və İsrailin əsas hədəfi kimi qəbul edilən rejim dəyişikliyi baş tutmamışdır. Yüksək səviyyəli liderlərin aradan götürülməsi sistemi sarsıtmamış, əksinə, daha ideoloji cəhətdən möhkəm və bəzi hallarda daha sərt mövqeli yeni idarəçi elitanın formalaşmasına səbəb olmuşdur. Daxili müxalifəti və ya sərhəd bölgələrində silahlı qrupları səfərbər etmək cəhdləri də uğursuz olmuş, bu isə anti-rejim qüvvələrinin gücü və birliyi ilə bağlı kəşfiyyat qiymətləndirmələrində ciddi səhvlərin olduğunu göstərmişdir.
Eyni dərəcədə əhəmiyyətli olan məqam İranın cavab reaksiyasının qarşısının alınmasında uğursuzluqdur. ABŞ və İsrailin hərbi-strateji dairələri tərəfindən lazımi səviyyədə qiymətləndirilməyən İranın raket imkanları ciddi şəkildə zəifləmədən fəaliyyətini davam etdirmişdir. Tehran eyni zamanda münaqişənin coğrafiyasını genişləndirmək qabiliyyətini nümayiş etdirərək, qonşu dövlətləri hədəfə almış və regional müttəfiqlərindən istifadə etmişdir. Hizbullah əvvəlki qarşıdurmalardan sonra İsrailin gözləntilərinin əksinə olaraq həm operativ qabiliyyətini, həm də əhəmiyyətli raket arsenalını qoruyub saxlamışdır. Eyni zamanda, İraq daxilində İrana yaxın milis qrupları ABŞ maraqlarına və regional rəqiblərinə qarşı çəkindirici təsir yaradan daha geniş bir deterrensiya mexanizminin formalaşmasına töhfə vermişdir. Öz növbəsində İran müəyyən siyasi dayanıqlıq əldə etmişdir. Davamlı hücumlara və rəhbərlik səviyyəsində itkilərə baxmayaraq, sistem daxili bütövlüyünü və idarəetmə strukturlarını qoruyub saxlamışdır. Tehran asimmetrik vasitələrdən səmərəli istifadə edərək, o cümlədən raket zərbələri və Hörmüz boğazında dəniz nəqliyyatının selektiv şəkildə pozulması kimi taktikalara əl atmışdır. Xüsusilə bu son addım qlobal iqtisadi nəticələr doğurmuş, bütün tərəflərə təzyiqi artırmaqla yanaşı, ABŞ-ın müttəfiqləri ilə münasibətlərini də daha mürəkkəbləşdirmişdir. Eyni zamanda, İranın zəif tərəfləri də nəzərəçarpacaq dərəcədə olmuşdur. Hava hücumundan müdafiə sistemləri milli hava məkanının təkrar pozulmasının qarşısını ala bilməmiş, bu isə kritik həssaslıqları üzə çıxarmışdır. Kəşfiyyat və təhlükəsizlik sahəsindəki boşluqlar yüksək səviyyəli sui-qəsdlərə şərait yaratmış və İran institutlarına genişmiqyaslı xarici infiltrasiya hallarını ortaya çıxarmışdır. Bundan əlavə, region dövlətlərini təhdid etməklə öz infrastrukturuna qarşı hücumların qarşısını almaq cəhdləri də nəticə verməmiş, əksinə, İranla qonşu ölkələr arasında gərginliyi dərinləşdirə bilərək ABŞ və İsrailin fəaliyyətlərini məhdudlaşdırmaq əvəzinə daha da mürəkkəbləşdirmişdir.
Bu fon qarşısında müharibənin başa çatması perspektivləri hələ də qeyri-müəyyən olaraq qalır. Vaşinqton rejim dəyişikliyinə nail olmağın çətinliyini getdikcə daha çox dərk edir və diqqətini nüvə imkanları, raket proqramları və regional ittifaqları əhatə edən hərtərəfli razılaşmanın əldə olunmasına yönəldir. Lakin İran bu dözümlülüyü öz əlində bir üstünlük kimi qiymətləndirir və daha sərt danışıqlar mövqeyi tutaraq tam sanksiya güzəştləri, gələcək hücumlardan təminatlar və regionda rolunun tanınması kimi tələblər irəli sürür.
Danışıqlar üçün mövcud imkan pəncərəsi isə getdikcə daralır. Razılaşmanın əldə olunmaması daha geniş eskalasiya riskini artırır ki, bu da mülki infrastrukturun intensiv şəkildə hədəfə alınması, hətta məhdud quru əməliyyatlarının həyata keçirilməsi ehtimalını istisna etmir. Bununla belə, ABŞ daxilində artan enerji qiymətləri, ictimai rəyin təzyiqi və aralıq seçkilərin yaxınlaşması kimi daxili amillər, dayanıqlı siyasi həll əldə edilməsə belə, atəşkəs elanını stimullaşdıra bilər.
Belə bir nəticə əsas münaqişəni həll etməyəcəkdir. Ən yaxşı halda bu, daha uzunmüddətli qarşıdurma çərçivəsində müvəqqəti bir fasilə xarakteri daşıyacaq və fərqli formatda yenidən hərbi eskalasiya ehtimalını açıq saxlayacaqdır.
Bundan əlavə, İran cəbhəsində atəşkəs əldə olunsa belə, Livandakı paralel münaqişənin davam etməsi daha geniş səviyyədə gərginliyin azalmasını çətinləşdirəcək və böhranın regional ölçülərinin hələ də həll olunmamış qalmasını təmin edəcəkdir.
Əlövsət Allahverdiyev
hüquq üzrə fəlsəfə doktoru
Bakı Dövlət Universiteti, Hüquq fakültəsinin müəllimi