İran prezidenti rəsmi Tehran beynəlxalq sərhədlərdə istənilən dəyişikliyin əleyhinə olduğunu Paşinyana deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.
Məlumata görə, İranın yeni seçilən prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib ki, Tehran bütün ölkələrin ərazi bütövlüyünə hörmət edir və beynəlxalq sərhədlərdə istənilən dəyişikliyə qarşıdır.
“İranın Ermənistanla sərhədi qısadır. Amma bu, ümidin və dinc həyatın sərhədidir. Bizim Ermənistana qarşı prinsipial siyasətimiz toxunulmazdır. Biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyirik və bu istiqamətdə hər cür yardıma hazırıq. İran İslam Respublikası Ermənistan qarşısında götürdüyü öhdəliklərə sadiqdir və münasibətləri daha da inkişaf etdirməyə hazırdır”, – deyə Pezeşkian vurğulayıb.
Öz növbəsində Paşinyan iki ölkə arasında münasibətlərin isti və mehriban qalacağına ümid etdiyini bildirib.
Müşviq Tofiqoğlu
Globalinfo.az