İranda terror aktının pərdəarxası: Bakı və Ankaranı hədəfə kim gətirir?

İranın Şiraz şəhərində Şah Çıraq ziyarətgahında terror aktı baş verib. Hadisə nəticəsində 10 nəfərin yaralandığı bildirilib. Hadisəni İŞİD terror qruplaşması üzərinə götürüb.

Maraqlıdır ki, ötən il də sözügedən ziyarətgaha terror hücumu həyata keçirilmişdi və məsuliyyəti İŞİD üzərinə götürmüşdü.

Hadisə sonrası erməni və iranlı ekspertlər əsassız informasiyalar yaymağa, iddialar səsləndirməyə başlayıb. Belə ki, hadisəni törədən terrorçuların Azərbaycan və Türkiyədən keçirdiyi iddia edilib.

Maraqlıdır, bu iddia nə dərəcə doğrudur? Hadisəni törədən İŞİD olduğu halda Bakı və Ankara niyə hədəfə gətirilir? Şah Çıraq ziyarətgahı nə üçün terror hücumlarının hədəfi halına gətirilib?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, hazırda İranda durum kifayət qədər qarışıqdır:

Kənan Novruzov

“Ölkədə aylardır ki, xaos hökm sürür. Belə bir vəziyyətdə terror aktlarının baş verməsi mümkündür. Yəqin ki, oxşar hadisələr bundan sonra da təkrarlanacaq.

Sonuncu hadisə ilə bağlı İŞİD məsuliyyəti öz üzərinə götürsə də, məsələnin alt qatları hələ də məlum deyil. Çox güman, proses araşdırılmaqda davam edəcək.

İstisna deyil ki, ABŞ İrana təzyiq göstərir. Hətta son partlayışların birbaşa ABŞ-dan idarə olunması da mümkündür.

Əvvəllər də demişdim ki, İranda Möhsa Əmaninin ölümündən sonra baş verən aksiyalarda Qərbin əli var. Məqsəd İranda hakimiyyəti dəyişməkdir. Bu mənada gələcəkdə də oxşar hadisələrin baş verməsi gözlənilir. İran demokratik dövlətə çevrilməyənə, vətəndaşlarının hüquq və azadlıqlarını təmin etməyənə kimi bu dövlətə və molla rejiminə rahatlıq yoxdur. Baş verən proseslərin molla rejiminin süqutu ilə nəticələnməsi və ölkədə vətəndaş müharibəsinin başlanması istisna deyil”.

Turan Rzayev
Globalinfo.az