İran qorxu içində: Tehran Xankəndidə dəhşətli əməllərinin üzə çıxacağından narahatdır

İran Prezidenti İbrahim Rəisi sentyabrın 22-də keçirilən hərbi qüvvələrin paradında çıxışı zamanı deyib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarının qorunması vacib amildir. Rəisinin önəmli dövlət tədbirində Azərbaycanla bağlı məsələni dilə gətirməsi diqqət çəkir.

Düzdür, o, “Qarabağ Azərbaycanın bir bölgəsidir, buna şübhə yoxdur” desə də ermənilərin hüquqlarının qorunması ilə bağlı məsələyə münasibət bəsləməsi birmənalı qarşılanmayıb.

Bəzi ekspertlər hesab edir ki, bu, rəsmi Tehranın növbəti dəfə Azərbaycanın daxili işlərinə müdaxilə etmə cəhdidir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İran Azərbaycanın Qarabağda keçirdiyi lokal hərbi tədbirlərdən ciddi narahatdır:

Qabil Hüseynli

“Tehran bu narahatlığını 44 günlük müharibədəki kimi açıq-aşkar ifadə edə bilməsə də Rəisinin bu açıqlaması bunu isbat edir.

İranın Azərbaycana baxışı dəyişməzdir. Bu ölkə hələ də Azərbaycanı özü üçün ciddi təhdid olaraq görür. İkinci Qarabağ müharibəsindən bu günə qədər İran mərkəzi hakimiyyətində belə bir düşüncə hakimdir ki, Azərbaycanın yeni hədəfi Cənubi Azərbaycandır. Hətta İsrail ilə bu istiqamətdə ortaq hərəkət etdiyimizi də deyirlər.

Təbii ki, bütün bunlar paranoyadır. Azərbaycanın strateji hədəfləri tamamilə fərqlidir. Özü də bu hədəflər o qədər sadə və İranın anlayacağı tərzdə deyil. Misal üçün, beş il öncə İran təsəvvür belə edə bilməzdi ki, Azərbaycan Qarabağı işğaldan azad edə bilər. Azərbaycanın qonşu ölkələrin ərazilərinə iddiası yoxdur. Amma rəsmi Tehranın qorxuya salan təkcə ərazi iddiası riski deyil. İran 30 ilə yaxın işğal altındakı Qarabağın boz zona olmasından istifadə edib, burada narkotik plantasiyalar ərsəyə gətirib, çirkli pulları yuyub. Bu gün bunların ifşasından qorxur.

Azərbaycan Xankəndi və ətraf ərazilərdə nəzarəti bərpa edərsə yerli ermənilər İranın etdiklərini faktlarla Bakıya təqdim edə bilər. İran bu ssenarinin gerçəkləşməsindən çəkinir”.

Politoloq Zaur Məmmədov isə deyib ki, İran Prezidenti İbrahim Rəisi hansısa mənada Ermənistan Baş naziri Nikol Paşinyana oxşayır:

Zaur Məmmədov

“Paşinyan Rusiyanı özündən uzaqlaşdırdı, Rəisi, Abdullahian da Azərbaycanı İsraillə daha da yaxınlaşdırırlar. Əslində isə Azərbaycanın heç bir addımı Tehrana qarşı deyil. Əksinə, Azərbaycan və İran birlikdə mühüm layihələr həyata keçirə bilərlər”.

Turan Rzayev
Globalinfo.az