İranda müharibə səfərbərliyi: Güneydə raketlər hazır vəziyyətə gətirildi

İran dünəndən etibarən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin təliminə başlayıb.

Globalinfo.az xəbər verir ki, təlimlərə İran ordusu ilə yanaşı SEPAH-ın Hərbi Kosmik Qüvvələri də qatılıb. Təlimlərin əsasən ölkənin şimal-qərbində, qərbində, şərqində, cənubunda və şimalında keçirildiyi vurğulanıb. Ümumilikdə təlimin ölkə ərazisinin üçdə ikisini əhatə etdiyi deyilib. İran hərbçilərinin xüsusilə vacib nüvə və hərbi obyektlərin müdafiəsi taktikaları üzərində işləyəcəyi bildirilib.

İSNA agentliyi isə təlimlərdə İranın “Khordard 15”, “Khordard 3”, “Majid” və “Dezfoul” komplekslərinin sınaqdan çıxarıldığını bildirib. Bununla belə, İran rəsmiləri ümumilikdə təlimin məqsədini açıqlamayıblar.

Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahu ölkənin bütün hərbi strukturlarının İrana zərbə endirmək üçün tam döyüş hazırlığı vəziyyətinə gətirilməsinə tapşırıq verib. Bunun ardınca isə Netanyahu Qərbdəki müttəfiqləri, xüsusilə də ABŞ ilə danışaraq, İranın nüvə məsələsinin həllini tələb edib. Ən maraqlı məqam isə İsrailin hücum hazırlığının “Blomberq”in İrandakı uranın zənginləşdirilməsinin 84%-ə çatması xəbəri fonunda başlaması olub.

Bütün bunlardan sonra İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ABŞ-dan nüvə razılaşması ilə bağlı mesaj aldıqlarını və bunu dəyərləndirməyə hazır olduqlarını bildirib. Halbuki məhz Ağ Ev Abdullahianın açıqlamasından bir həftə öncə İranla nüvə razılaşmasının ABŞ üçün prioritet təşkil etmədiyini deyib.

İlkin Həsənov
Globalinfo.az