Xəbər verdiyimiz kimi, “Hizbullah” hərəkatı təşkilatın Beyrutdakı komandiri Fuad Şükürün öldürülməsinə cavab olaraq İsrailə zərbələr endirib. Yəmən husilərinin də İsrailə hücum edəcəyi deyilir.
Bu, İranın proksi müharibəsidir? İsrail ona olan hücumu İranı vurmaqla cavab verəcək ?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, “Hizbullah”ın İsrailə növbəti hücumunu Fuad Şükürün öldürülməsi ilə əlaqələndirmək düzgün deyil:
Əlimusa İbrahimov
“Mütəmadi olaraq həm İsrail Beyrutdakı “Hizbullah” məntəqələrinə hücum edir, həm də “Hizbullah” İsrailə raket və dron atəşləri açır. Bütün dünya İranın cavab zərbələrini gözləyir. İran HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab verəcəyini bildirsə də hələ vəd yerinə yetirilməyib. Bu addımın atılması istiqamətində müəyyən vaxtlar təyin olunsa da reallaşmır. İran rəsmilərinin verdiyi məlumata görə, sözügedən proses Ərbəindən sonra baş verə bilər. Bunun üçün İran və ABŞ arasında müəyyən danışıqların getməsi də istisna edilmir. ABŞ və müttəfiqlər İranın İsrailə müdaxiləsini istəmir. Çünki bu, Yaxın Şərqdə geniş müharibənin başlamasına səbəb ola bilər. ABŞ seçkilər ərəfəsində müharibənin başlamasında maraqlı görünmür. İsrail münaqişənin başlamasını istəyir və İranın hücum etməsi üçün addımlar atır. Yaxın 7-10 gün ərzində bütün kartlar açılacaq. Digər tərəfdən İsrail “Hizbullah” və Livana cavab göndərəcək, nəinki İrana”.
Safura Bənnayeva
Globalinfo.az