İranı dəstəkləyən saytların bağlanması təklif edildi

Azərbaycanda yayımlanan “İnterAz” kanalı və bu qəbildən olan bir çox sayt İranın açıq təbliğatını aparır. Misal üçün, 3 yanvar tarixində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru Qasım Süleymaninin ölümü ölkəmizdə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən saytlar və agentliklər tərəfindən, habelə “İnterAz” kanalında sujetlər, yazılar və məqalələr ilə işıqlandırıldı.

Maraqlıdır, İran maliyyəsi hesabına ayaqda qalan bu media subyektlərinin fəaliyyəti nə üçün dayandırılmır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, belə media subyektlərinin fəaliyyəti yolverilməzdir:

Məhəmməd Əsədullazadə

“İnter.az kanalının və digər İrana xidmət edən media subyektlərinin ölkə ərazisində bütün vasitələr ilə yayımı mütləq şəkildə dayandırılmalıdır. Ümumiyyətlə, bu günə qədər bu barədə tədbirin görülməməsi ciddi səhvdir. Belə media subyektləri birbaşa İranın siyasi maraqlarına xidmət göstərir. Qasım Süleymaninin təbliğatını aparmaları da bunu təsdiqləyir. Azərbaycan dərhal bu televiziyanın yayımını dayandırmalıdır”.

Politoloqun sözlərinə görə, İran Azərbaycana qarşı düşmən siyasət həyata keçirir:

“Rəsmi Tehran ölkəmizi işğalla hədələyir. Belə bir ölkənin generalını və rejim rəhbərliyini təbliğ etmək dövlətimizə qarşı xəyanətdir. Digər tərəfdən, İran Ermənistanı Azərbaycanla qarşıdurmaya təhrik edir. Məhz Ermənistana bəxşiş edilən raketlər və digər silahlar Tehranın Bakıya qarşı düşmən münasibətinin göstəricisidir.

Belə bir ölkəni dəstəkləyən istənilən media subyektinin fəaliyyəti dayandırılmalıdır”.

Turan Rzayev
Globalinfo.az