araqci

İranın xarici işlər naziri Abbas Əraqçi Bolqarıstanı ABŞ-ın hərbi təyyarələrinin “Bezmer” aviabazasında müvəqqəti yerləşdirilməsi ilə bağlı qərarına yenidən baxmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, Abbas Əraqçi bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə telefon danışığı aparıb.

O bildirib ki, ABŞ-ın hərbi aviasiyasının yerləşdirilməsi üçün aviabaza ayırmaq, İrana qarşı əməliyyatlarda iştirak etməklə eyni məna daşıyır. Belə bir addım  isə qəbuledilməzdir və iki ölkə arasında ənənəvi dostluq münasibətlərinə ziddir.

Əraqçi həmçinin Kiprin xarici işlər naziri Konstantinos Kombosla telefon danışığı aparıb. O, söhbət zamanı Kipr ərazisində yerləşən xarici hərbi bazalardan İrana qarşı əməliyyatlar üçün istifadə edilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ötən həftə Bolqarıstan parlamenti “Bezmer” aviabazasında ABŞ-a məxsus səkkizədək “KC-135” yanacaqdaşıyan təyyarənin və 250-dək amerikalı hərbçinin müvəqqəti yerləşdirilməsini təsdiqləyib. Sofiya bəyan edib ki, bazada hücum xarakterli silahlardan istifadə olunmayacaq və bu qərar Bolqarıstanı hərbi əməliyyatların iştirakçısına çevirmir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: