İran Bakını vura bilməz: mühüm səbəbi var – Politoloq

Amerika Birləşmiş Ştatları İranın sonuncu hücumuna İsrailin cavab zərbəsinin məhdud olacağını ehtimal edir. Eyni zamanda, cavab zərbəsinin İranın hərbi və kənardakı proksi qüvvələrini əhatə edəcəyini gözləyir.

Paralel olaraq İranda bəzi rəsmi şəxslər və ekspertlər İsrail qarşısında məğlubiyyətin cavabı olaraq Azərbaycanı hədəf seçmək çağırışları edirlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Rizvan Hüseynov deyib ki, İran mənbələrindən yayılan bu tip məlumatlarda erməni və digər qüvvələrin də əli var:

“Guya İran tərəfindən İsrailin Azərbaycandakı səfirliyinin hədəf alınacağı deyilir. Rəsmi Tehran regionun hədəf seçilməsində maraqlı deyil, çünki bu həm də onun üçün risklidir”.

Politoloqun sözlərinə görə, İran hər tərəfdən problemlərlə əhatə olunub:

“Tehran Yaxın Şərqdə proksi qüvvələrin fəaliyyəti, Əfqanıstan və Pakistan istiqamətində gərginliklərlə paralel şimal sərhədlərində risklərin olmasında maraqlı deyil. ABŞ-da bunu istəmir. Çünki Birləşmiş Ştatların Cənubi Qafqazla bağlı planları var və regional təhlükəsizliyin əhəmiyyətini anlayır”.

R.Hüseynov İranın Azərbaycana qarşı təxribatçı addımına sərt cavab veriləcəyini bildirib:

“Lakin İranın riskə gedərək Bakıda və ayrı-ayrı bölgələrimizdə təxribat törətməsi ehtimalı azdır”.

Safura Bənnayeva
Globalinfo.az