WhatsApp Image 2025 04 08 at 10.24.37

İran Parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf bildirib ki, İrana hər hansı hücum qisasla nəticələnəcək. Spiker bununla İsrailə və bölgədəki ABŞ bazalarına işarə edib.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, spikerin xəbərdarlığı əslində Tehranın regional təhlükəsizlik müstəvisində mesaj diplomatiyasının davamıdır:

“İran rəhbərliyi son illərdə İsrail və ABŞ-ın bölgədəki addımlarına qarşı sərt ritorikanı məqsədli şəkildə istifadə edir: bir tərəfdən öz daxili auditoriyasına güc nümayiş etdirir, digər tərəfdən Vaşinqtona “qırmızı xətlərin” olduğunu göstərməyə çalışır. Bu bəyanat həm də İranın “asimmetrik cavab” strategiyasına işarədir. Yəni hücum olarsa, cavab birbaşa ABŞ-a yox, bölgədəki yardımçı hədəflərə, xüsusən İsrailə və regional ABŞ bazalarına yönələ bilər. Bu, Tehran üçün həm daha real icra oluna bilən addımdır, həm də genişmiqyaslı müharibəyə səbəb olmadan güc nümayişi xarakteri daşıyır”.

zuriye qarayeva 900x600 2

Politoloq bildirib ki, Trampın bu cür xəbərdarlıqlara münasibəti geosiyasi kontekstdən və ABŞ-ın həmin anda bölgədəki prioritetlərindən asılı olacaq:

“Tramp administrasiyası adətən ritorik təzyiqlərə diqqət etmir və daha çox öz hərbi-siyasi rıçaqlarına güvənir, buna görə də Qalibafın açıqlaması Vaşinqtonun regional siyasətində fundamental dəyişiklik yaradacaq bir xəbərdarlıq kimi görünmür.

Hücum olarsa, İranın qisas ehtimalı realdır. Çünki Tehran xüsusilə Yaxın Şərqdəki proksi qruplar vasitəsilə cavab vermək imkanına malikdir və bunu əvvəllər də edib. Lakin İran genişmiqyaslı toqquşmaya getməmək üçün cavabı daha məhdud və məqsədyönlü formada saxlamağa çalışacaq, çünki açıq qarşıdurma həm iqtisadi, həm də siyasi baxımdan İran üçün ciddi risklər yaradır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: