İran və ABŞ arasında illərdir davam edən etimadsızlıqdan sonra danışıqlar masasına qayıtmaları sadəcə diplomatik bir irəliləyiş deyil. Bu proses Tehranın daxili güc dinamikasına, regional hesablamalara və İsrailin təhlükəsizlik strategiyasına eyni zamanda təsir edən mürəkkəb siyasi oyuna çevrilib.
Bu oyunun mərkəzində Məsud Pezeşkian dayanır. O, həm sazişin siyasi memarı, həm də potensial uğursuzluğunun əsas hədəfidir. Bu arada, Müctəba Xamenei prosesi müşahidə edərək hesablanmış məsafə saxlayır və günahın birbaşa ona atılmasının qarşısını alan bir mövqe tutur. Digər tərəfdən, İrandakı radikal dairələr ilə İsraildəki müharibə tərəfdarı siyasətçilər, zahirən bir-birinə qarşı çıxsalar da, bir məqamda uzlaşırlar: bu sazişin reallaşmasının qarşısını almaq.
Pezeşkian: Sazişin memarı və hədəfi
Məsud Pezeşkian təkcə bu sazişin görünən siması deyil, həm də ona görə bütün siyasi məsuliyyəti daşıyan şəxsdir. Hökumətin icra işləri üzrə məsul şəxsin müavini Kaimpenahın açıqlamalarına görə, Pezeşkian siyasi çəkisi ilə Ali Milli Təhlükəsizlik Şurasında geniş bir konsensus yaradıb. Bu kompromisin əleyhinə yalnız bir nəfərin səs verildiyi bildirilir.
Bildirilir ki, Pezeşkian bu prosesdə Xarici İşlər Nazirliyinin ilkin təklifini alıb, onu Laricaninin planı ilə birləşdirib və Məhəmməd Bağır Qalibafı danışıqlar qrupunun rəhbəri təyin etməklə hökumətlə ordu arasında etimad körpüsü qurmağa çalışıb.
Bununla belə, bu mərkəzi rol Pezeşkian üçün ikitərəfi kəskin qılıncdır. Razılaşma uğurlu olarsa, iqtisadi təzyiqlər azalsa, sanksiyalar yumşalsa, Pezeşkian İranın siyasi tarixində fərqli yer tuta bilər. Amma əgər Amerika öhdəliklərini yerinə yetirə bilməsə və ya İran daxilindəki radikal dairələr prosesi sabotaj edə bilsə, bunun siyasi bədəlini birinci Pezeşkian ödəyəcək. Müctəba Xamenei hələlik səhnə arxasında, daha ehtiyatlı və məsafəli mövqedədir.
Müəllif: Güneyli araşdırmaçı jurnalist Teoman Şahin
Tərcümə etdi: Gülnar Səlimova