İqtisadçı bəzi restoranları boykot etməyə çağırdı

Bölgələrdə yerləşən turizm obyektlərində, kafe və restoranlarda, istirahət mərkəzlərində qiymətlər ötən illə müqayisədə xeyli artıb. Qiymət artımı sosial şəbəkələrdə ciddi müzakirə və narazılıqlara səbəb olub. 

Bəs bununla bağlı Rəqabət Məcəlləsində nə deyilir? Ümumiyyətlə, qiymətlər necə tənzimlənməlidir?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli kafe və restoranlarda qiymətin tənzimləmə mexanizminin olmadığını bildirib.

Onun sözlərinə görə, heç dövlətin buna müdaxilə etmək hüququ yoxdur:

“Dövlət müdaxilə etsə belə, doğru olmaz. Sadəcə, turistlər, insanlar restoran sahiblərini özləri cəzalandırmalıdırlar. Çalışıb belə yerlərə getməsinlər. Onlar getməyib, boykot etsinlər, ondan sonra restoran sahibləri məcbur qalıb qiyməti aşağı salacaqlar. Bunun hüquqi olaraq nə Rəqabət Məcəlləsi, nə də başqa bir məcəllə ilə hansısa formada tənzimləmək imkanları yoxdur”.

İqtisadçı deyib ki, istənilən restoran və kafe sahibinin dövlət qarşısında iki öhdəliyi var:

“Həmin öhdəliklərdən biri – qazancından dürüst vergi verməkdir, ikincisi isə insan sağlamlığına zərər vuran yeməklərin, içkilərin müştərilərə verilməsinin qarşısının alınmasıdır. Yəni hər şey sanitar normalara uyğun olmalıdır. Çox təəssüf ki, bunun hansısa bir formada tənzimləmə mexanizmi yoxdur. Daha öncə dediyim kimi, belə olan şəraitdə vətəndaşlar özləri həmin restoranı boykot etməlidirlər ki, restoran sahibləri qiymətləri aşağı salsınlar. Vəssalam…”

Zaira Akifqızı

Globalinfo.az