İnaqurasiya oldu: Azərbaycanda böyük dəyişikliklər başlayır

Azərbaycan xalqının böyük qisminin 7 fevral növbədənkənar prezident seçkiləri zamanı İlham Əliyevə səs verməsi cəmiyyətin ölkə başçısına səmimi etimadı kimi dəyərləndirilir. İlham Əliyev son 4 ildə həm Ali Baş Komandan, həm də Prezident kimi ölkə tarixinin ən böyük problemini – Qarabağ münaqişəsini qəti qələbə ilə həll etdi. Ekspertlər bildirirlər ki, indi qarşıda duran əsas məsələ ölkə daxilində atılacaq addımlardır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, hər bir Azərbaycan vətəndaşının rifahının təmin olunması istiqamətində addımlar atılır:

“Fikrimcə, bu sahədə kadr islahatları daha ciddi formada aparılacaq. Qələbəmizdən sonra hüquq-mühafizə, xüsusi xidmət orqanları tərəfindən dövlət və dövlətçiliyə qarşı yönəlmiş istənilən təhdidin qarşısının alınması istiqamətində mühüm addımlar atıldı. Müvafiq kadr potensialının saflaşdırılması, təmizlik və şəffaflığın yaradılması üçün də fəaliyyət göstəriləcək”.

Arzu Nağıyev

Deputat deyib ki, Prezidentin andiçmə mərasimindən sonra hökumətdə dəyişikliklər olacaq:

“Eləcə də qarşıya qoyulan məsələlər ən yüksək səviyyədə həllini tapacaq. Korrupsiyaya qarşı mübarizə, müxtəlif qurumlarda dövlət və dövlətçilik əleyhinə, şəffaflığın qarşısının alınması üçün atılan addımları ifşa etmək, cinayət məsuliyyətinə cəlb etmək və d. sahələrdəki fəaliyyətlər davam etdiriləcək. Bu, Azərbaycanın gələcəyi üçün labüddür. Bu günə qədər tətbiq olunan islahatlar daha ciddi, kəskin formada reallaşacaq”.

A.Nağıyevin sözlərinə görə, ən mühüm məsələlərdən biri də “Böyük qayıdış”ın təmin edilməsidir:

“Azərbaycanın müvafiq, qəbul olunmuş islahatlar paketi ilə sadalanan məsələlərin həlli, minalardan təmizlənmə prosesi, bütün ərazilərimizdə iqtisadi, siyasi, hərbi, mədəni və s. cəhətdən islahatlar daha sürətlə, əzmlə davam etdiriləcək”.

Safura Bənnayeva
Globalinfo.az