İlham Əliyevin Macarıstanın Baş naziri ilə görüşü başladı – FOTO / YENİLƏNİB

18:30

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Macarıstanın Baş naziri Viktor Orban SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirib. O, Macarıstan xalqının ən xoş arzularını və Azərbaycanın suverenliyinin bərpası, regionda vəziyyətin sabitləşməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında əlaqələrin və dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluğunu ifadə edib, ölkələrimizin ikitərəfli əsasda və Türk Dövlətləri Təşkilatı çərçivəsində yaxından əməkdaşlıq etdiyini, həmçinin SPECA-nın işbirliyi üçün yeni format yaratdığını vurğulayıb.

Viktor Orban Macarıstanın Türk ailəsinə yaxınlaşmasında və Türk Dövlətləri Təşkilatı ilə münasibətlərin inkişaf etdirilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri siyasi, iqtisadi, geosiyasi baxımdan vahid məkanı özündə əhatə edir. Ölkələrimiz arasında iqtisadi inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dənizlə birləşdirən nəqliyyat, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları inkişaf etdirilir.

Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasiminin Macarıstanla birgə həyata keçirilməsinin böyük əhəmiyyətə malik olduğu qeyd edilib, bu layihənin macar şirkətlərinin iştirakı ilə icra olunacağı vurğulanıb.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi qeyd olunub. Azərbaycanla Macarıstan arasında iqtisadi-ticarət, investisiya əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Bu baxımdan ölkələrimiz arasında enerji sahəsində icra olunan layihələrin önəmi xüsusi vurğulanıb, turizm, əczaçılıq, nəqliyyat-logistika sahələrində və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.