ilham zirve 2

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türk Dövlətləri Birliyinin Səməqənddə keçirilən 9-cu Zirvə görüşündə Azərbaycandan kənarda yaşayan 40 milyon soydaşımız haqqında ciddi bəyanat verdi. Bəyanat xarici ölkələrdə yaşayan azərbaycanlıların əvvəlkindən daha artıq diqqət mərkəzində olacağını deməyə əsas verir.

Politoloq Əlimusa İbrahimov Globalinfo.az-a mövzunu şərh edərkən bildirib ki, İlham Əliyevin bu çıxışı və xaricdə yaşayan həmvətənlilərimizə ünvanlanan müraciəti İranda həm siyasətçilər, həm də şovinistər arasında böyük bir çaxnaşma yaradıb:

“İranda Azərbaycan dövlətinin xarici siyasətində bu addımı ciddi narahatlıqla qarşılayırlar. Demək olar ki, İran kütləvi informasiya vasitələrinin bütün seqmentləri İlham Əliyevin tam çıxışını və ya çıxışdan hissələri öz səhifəsinə daşıyıblar. İran parlamentinin deputatları da Azərbaycan prezidentinin çıxışını və orada yaşayan azərbaycanlılar haqqında bəyanatı müzakirə etmək qərarına gəliblər. Onlar həmkalarına çağırış ediblər ki, bu bəyanata münasibət bildirsinlər”.

elimusa

Əlimusa İbrahimovun sözlərinə görə, çıxış üçün kürsüyə çıxan deputatlar İlham Əliyevi tənqid etmək üçün nəsə deməyə cəhd ediblər:

“Amma onlar Azərbaycan Prezidentinin Səmərqənddəki bəyanatında qaldırılan məsələlər haqqında – İranda 40 milyondan artıq azərbaycanlının yaşaması və onların öz dillərində danışmaq hüququnun olmaması barədə bir söz deməyiblər, deyə bilməyiblər.

Sadəcə Azərbaycan Respublikası Prezidentinə tarixi oxumağı məsləhət görüblər. Daha xəbərləri yoxdur ki, İlham Əliyevin Azərbaycan və İran tarixini onlardan artıq bilir. Bu İran-fars şovinizminin nökərləri bilmirlər ki, İlham Əliyev tarixlə yanaşı, siyasəti də onlardan, hətta onların başında duranlardan daha yaxşı bilir. İlham Əliyev İran rəhbərlərindən və siyasətçilərindən fərqli olaraq rejimlərinin sonunun yaxınlaşdığını görür və ona görə də orada yaşayan həmyerlilərimizi Azərbaycan Respublikasına arxalanmağa səsləyir. İlham Əliyev bu tipli bəyanatları ilə digər ölkələrdə yaşayan həmvətənlilərimizi həmişə dəstəkləyəcəyinə zəmanət verir”.


Gülnar Səlimova,
Globalinfo.az

Paylaş: