İki qiyamçı: eyni tale, oxşar son – ikisi də təyyarədə öldü, amma…

Priqojin iyun ayında qiyama başlayanda onu Surət Hüseynova bənzətdilər. Surət də 1993-cü ilin iyun ayında hərbi qiyam edib, prezident Elçibəyi devirmişdi.

Priqojin Putini devirməsə də ilk günlər ssenari üst-üstə düşürdü. Bu olaydan təxminən 1 ay keçdi, Surət müəmmalı şəkildə öldü. 31 iyul tarixində İstabula uçurdu. Təyyarədə halı pisləşib. Deyilənə görə o, canını elə təyyarədə tapşırıbmış.

Ondan 1 ay sonra Priqojin aradan götürüldü. Hər ikisi təyyarədə öldü. Onların sui-qəsdlə öldürüldüyü iddialarına əks fikir söylənilmir hələ ki.

Demirik ki, bu iki şəxsi tək qüvvə idarə edib. Sadəcə üst-üstə düşən xeyli məqamlar var. Maraqlı gəldiyi üçün onlar barədə bir neçə qeydimizi yazaq.

Qiyam yolu tutmuş siyasətçilərin, hərbçilərin aqibətləri əksər vaxt faciəvi bitir. Ya öldürülürlər, ya az sonra başqa qiyamçılar tərəfindən devrilirlər, ya həbs edilirlər, canını qurtara bilən isə başqa ölkəyə qaçır. Qaçdığı yerdə də başını saxlaya bilsə, böyük işdir. Yeri gəlmişkən, ən böyük hərbi qiyamlardan biri 2016-cı ilin iyul ayının 15-də Türkiyədə oldu. Qiyamçılar özləri ilə bərabər minlərlə insanın taleyini qaraltdılar. Günahsız insanlar öldürüldü, yaralandı. Nəticə də olmadı. Ələ keçən həbs edildi, qaça bilən xarici ölkələrə – əsasən də ABŞ-a üz tutdu.

Surət Hüseynovun 30 il öncə etdiyi qiyam ölkəni on illərlə geri saldı. Onun məsuliyyətsiz və hesabsız hərəkəti daha çox torpaq itkisinə səbəb oldu. Qarabağın işğaldan azad edilməsi üçün yaranmış tarixi şəraiti məhv etdi. Hakimiyyətə gəlmək hərisliyi, üstəlik cahilliyi onu səhv yola sürüklədi. Öncə ölkəni xaraba qoydu, xalqı bədbəxt elədi, sonra özü ölənə kimi lənətləndi, öldükdən sonra da onminlərlə insanın bədduasını qazandı.

Priqojinlə Surətin müqayisəsi əslində xeyli qüsurludur. Zatən bütün müqayisələr belədir. Onların oxşar tərəfləri sərəncamlarında silahlı birləşmənin olması idi. Priqojin də Surət kimi qiyamdan öncə və qiyam prosesində hakimiyyətin ən vacib simalarını hədəf almışdı. Onların istefasını tələb edirdi.

Onları fərqləndirən əsas məqam isə etdikləri qiyamların nəticəsidir. Surət Hüseynov Əbülfəz Elçibəy iqtidarını asanlıqla devirə bildi, ona elə ciddi müqavimət göstərilmədi. Nəticədə yüksək vəzifəyə gəldi – baş nazir oldu. Priqojinin qiyam isə baş tutmadı. Surət qiyamdan sonra 30 il yaşadı, Priqojin iki ay…

Elçibəylə Putini, AXC hökuməti ilə Rusiya hakimiyyətini müqayisə etmək fikrindən uzağıq. Birincisi, Əbülfəz bəyin özünün və komandasının iqtidar təcrübəsi yox idi. Hökumətdə olduqları müddətdə ayaqlarının birini qaçaraq qoymuşdular. Qalmaqdan çox getməyə meylli idilər. Saray intriqalarını, dövlət idarəçiliyinin sərt üzünü görməmişdilər. Heç vaxt vəzifədə olmamışdılar. Ona görə də Surətin Gəncədə ayağını yerə vurması Bakıda Xalq Cəbhəsi iqtidarında dərin qorxu və çat yaratdı. Xeyli vəzifə sahibi Surət hələ Bakıya gəlmədən istefa verib, Bakını tərk etdi.

Vladimir Putin və iqtidarı isə ABŞ-la, Avropa ilə, belə desək, dünya ilə vuruşur. Qlobal oyunda onu məğlub etmək hələlik mümkün olmadığı halda, Priqojin kimi birinin Kreml sahibinə necə gücü çatacaqdı?

Putin üçün Priqojin vacib persona olub. Amma görünür o, istifadə müddətini başa vurmuşdu.

Maraqlıdır ki, Yevgeninin aradan götürülməsi sanki  Qərbin də işinə yarayır. ABŞ, Britaniya, Almaniya, Fransa və s. aparıcı dövlətlərin əllərində səhih məlumatlar olduğu halda, bu hadisə ilə bağlı çox da dərinə getməyi lazım bilmirlər. NATO-dan da səs yoxdur hələ.

Nəzəri olaraq mümkündür ki, Putinlə belə anlaşıblar: “Sən öldür, biz gömək”…

Azər Ayxan
Globalinfo.az