Husilər İsrailin Təl-Əviv şəhərində yerləşən Ben Qurion hava limanına növbəti raket zərbəsi endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Yəhya Sariə məlumat yayıb.
Açıqlamada bildirilir ki, obyektə iki ballistik raket atılıb və onlardan biri birbaşa hava limanı ərazisinə düşüb. Husi nümayəndələri iddia edir ki, İsrailin hava hücumundan müdafiə sistemləri həmin raketlərdən heç birini zərərsizləşdirə bilməyib.
Bəyan ediblər ki, Fələstin xalqına dəstək məqsədilə İsrail ərazilərinə hücumlarını davam etdirəcəklər. Həmçinin hava yollarına müraciət edərək Ben Qurion hava limanına uçuşları dərhal dayandırmağa çağırıblar.
Bundan əvvəl, İsrail ordusunun mətbuat xidməti Yəmən istiqamətindən atılan raketlər səbəbilə ölkənin mərkəzi bölgələrində hava həyəcanı siqnalının işə salındığını bildirmişdi.
Qeyd edək ki, Qəzza zolağında 2023-cü ildə başlayan qarşıdurmalar fonunda husilər İsrail ərazisinə hücum edəcəkləri barədə xəbərdarlıq etmişdilər. 2024-cü ilin yanvarında atəşkəs rejiminin tətbiq olunmasından sonra hücumlar dayandırılmışdı, lakin martın əvvəlində atəşkəsin pozulmasından sonra husilər İsrailə məxsus gəmiləri yenidən hədəfə aldıqlarını və İsrail ərazisindəki obyektlərə qarşı hücumlara yenidən başladıqlarını elan etdilər.
Aysel Əliyeva
Globalinfo.az