
Məlum olduğu kimi, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən Yasin Hüseynzadə mayın 21-də, səhər saat 5-də edam edilib. İranda icra olunan bu cəza tədbiri ictimaiyyətin diqqətini yalnız edam faktına deyil, onun həyata keçirildiyi vaxta da yönəldib. Xüsusilə, edamın sübh saatlarında – konkret olaraq saat 5-də baş verməsi suallar doğurur.
Bu qərar sadəcə protokol qaydalarından irəli gəlir, yoxsa arxasında daha dərin siyasi mesajlar dayanır?
Globalinfo.az-a danışan siyasi şərhçi Elçin Alıoğlu bildirib ki, baş verənlər təkcə diplomatik protokolla izah oluna bilməz:
“İranda baş verən proseslərin hamısını tam şəkildə anlamaq və dərk etmək mümkün deyil. Azərbaycan səfirliyinə edilən hücum beynəlxalq hüquq baxımından terror aktı kimi qiymətləndirilir. İran qanunvericiliyində də səfirliklərə hücum ən ağır cinayət hesab olunur və ciddi şəkildə cəzalandırılır. Lakin İran bu məsələdə hüquqi dualizm yaratmağa çalışdı. Hücumu birbaşa terror aktı kimi tanımasalar da, onu guya məişət zəminində baş vermiş şəxsi qisas kimi təqdim etdilər”.
Siyasi şərhçi səfirliyə hücumu və sonrakı prosesi belə xatırladıb:
“27 yanvar 2023-cü ildə, səhər saat 08:00 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum oldu. İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomatla mühafizə postunu keçərək, səfirliyin əməkdaşlarına atəş açdı. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak oldu, iki mühafizəçi isə yaralandı.
Hüseynzadəyə qarşı 2024-cü il yanvarın 28-də edam hökmü çıxarıldı və hökm icraya yönəldildi. O, 2025-ci il mayın 21-də, səhər saat 5-də edam edildi. Bu tip edamlar İranda adətən sübh vaxtı həyata keçirilir və “sübh edamı” adlanır.”
Elçin Alıoğlunun sözlərinə görə, İranda edamların həyata keçirilmə saatı və üsulu simvolik məna daşıyır:

Elçin Alıoğlu
“Edamlar təsadüfi vaxtlarda həyata keçirilmir. Onlar ya cinayətin törədildiyi, ya planlaşdırıldığı, ya da sifariş verildiyi vaxta uyğunlaşdırılır. Hücum səhər saatlarında baş verdiyindən edam da məhz o vaxta təyin olunub. Bundan əlavə, sübh edamı daha geniş ictimai və mediada əks-səda doğurmaq üçün seçilmiş ola bilər. İran bu edamı axşam saatlarında, gizli şəkildə deyil, açıq şəkildə həyata keçirməklə Azərbaycan tərəfinə jest etmiş oldu”.
O əlavə edib ki, İran qanunvericiliyinə görə, edam cəzası yalnız zərərçəkmiş tərəfin ailəsi tərəfindən bağışlandıqda qüvvədən düşə bilər:
“Digər bir ehtimal isə edam prosesinin rəsmi Bakının göstərişinə əsasən baş tutmasıdır. Azərbaycanın tələbi yerinə yetirildi. Bundan sonra iki ölkə münasibətlərinin hansı formada miqyasda inkişaf etməsi artıq Tehranın öz əlindədir.
Azərbaycan dövləti, vətəndaşı harada olmasından asılı olmayaraq, hüququ pozularsa və ya həyatına təhlükə yaranarsa, buna laqeyd qala bilməz. Rəsmi Bakı belə hallarda cavabdeh şəxslərin cəzalandırılması üçün bütün imkanlardan istifadə edəcək”.
Safura Bənnayeva
Globalinfo.az