“AŞPA-nın arqumentlərindən biri “siyasi məhbuslar” olsa da, əsas səbəb başqadır”

Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina edən Avropa Şurası Parlament Assambleyası bu addımını müxtəlif bəhanələrlə arqumentləşdirməyə çalışır. “Qarabağdan erməni əhalisinin çıxarılması”, təşkilatın seçkilərə dəvət edilməməsi ilə paralel azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazənin verilmədiyi də iddia edilir.

Maraqlıdır, azərbaycanlı “siyasi məhbuslar”la görüşə həqiqətən icazə verilməyib? AŞPA niyə məhz indi bu aqrumentlərin ardına sığınır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, AŞPA “siyasi məhbuslarla” bağlı məsələni indiyə qədər belə ifrat dərəcə gündəmə gətirib, radikal qərarlar vermirdi:

“Biz daim məhbuslarla bağlı məlumatlar alır, hesabat tərtib edirik. Yəni hökumətlə müntəzəm olaraq təmasdayıq. AŞPA-da da bütün bu hesabatlar, məlumatlar vardı. Bu günə qədər nə bizə, nə də hökumətə “siyasi məhbuslar”la bağlı belə irad gəlməmişdi. Təəssüf ki, bu məsələnin motivi başqadır. Yəni üzdə təqdim edilən arqumentlərdən biri “siyasi məhbuslar” olsa da, əsas səbəb Qarabağla bağlıdır.

Novella Cəfəroğlu

Azərbaycan İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirləri nəticəsində Qarabağı işğaldan azad etdi. Məhz bundan sonra hamı, həmçinin AŞPA Azərbaycana qarşı kampaniyaya başladı. Bu baxımdan, qərarın daha çox siyasi olduğunu düşünürəm. Hesab edirəm, baş verənlərə səssiz qalmamalı, etirazımızı AŞPA-ya bildirməliyik. Həmçinin təmkinimizi qorumalıyıq və təşkilatla yaranmış problemlərin həllinə nail olmalıyıq”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması”.

Turan Rzayev
Globalinfo.az