Heyvan bazarlarına sırğasız heyvanların buraxılmaması qaydası son illərdə baytarlıq nəzarətinin gücləndirilməsi və infeksion xəstəliklərin yayılmasının qarşısının alınması baxımından mühüm tədbirlərdən biri hesab olunur. Qulaq birkası olan sırğa əslində heyvanın şəxsiyyət məlumatlarını daşıyan əsas identifikasiya vasitəsidir. Bu sistem vasitəsilə heyvanın harada doğulduğu, hansı peyvəndləri aldığı, hansı təsərrüfata məxsus olduğu və satışa qədər hansı nəzarət mərhələlərindən keçdiyi müəyyən edilir. Buna görə də sırğasız heyvanın bazara daxil olmasının qadağan edilməsi həm epizootik təhlükəsizliyin qorunması, həm də qeyri-qanuni heyvan dövriyyəsinin qarşısının alınması üçün effektiv mexanizm sayılır.
Bu qaydanın əsas üstünlüklərindən biri xəstəliklərin izlənməsi və mənbəyinin tez müəyyən edilməsidir. Əgər bazarda dabaq, qarayara və ya bruselyoz kimi yoluxucu xəstəlik aşkarlanarsa, baytarlıq xidməti sırğa kodu vasitəsilə heyvanın hansı bölgədən gətirildiyini qısa müddətdə müəyyən edə bilir. Beləliklə, xəstəliyin yayıldığı ərazi lokallaşdırılır, karantin tədbirləri görülür və yoluxmanın genişlənməsinin qarşısı alınır. Sırğasız heyvanlarda isə bu izləmə zənciri pozulur və xəstəlik mənbəyinin tapılması çətinləşir.
Sırğa sistemi eyni zamanda peyvənd intizamını gücləndirən vasitə kimi çıxış edir. Çünki heyvana sırğa vurulması üçün onun dövlət qeydiyyatına düşməsi və müəyyən vaksinləri qəbul etməsi tələb olunur. Bu baxımdan sırğalı heyvan müəyyən qədər baytarlıq nəzarətindən keçmiş hesab edilir. Sırğasız heyvanlar isə çox zaman qeydiyyatdan yayınan, peyvənd olunmayan və nəzarətsiz saxlanılan heyvanlar olur ki, onların infeksiya daşıma riski daha yüksək qiymətləndirilir.
Qaydanın digər mühüm təsiri qeyri-qanuni heyvan alveri və qanunsuz kəsim hallarının azalması ilə bağlıdır. Sırğalı heyvanın sənədsiz satışı çətinləşdiyi üçün oğurluq halları və qeydiyyatsız ət dövriyyəsi müəyyən qədər məhdudlaşır. Bu isə zoonoz xəstəliklərin insanlara keçmə riskinin azalmasına da müsbət təsir göstərir.
Eyni zamanda sırğa sistemi heyvandarlığın subsidiyalaşdırılmasının ilkin şərtidir. Çünki hökumət dövrüyyəsini izləyə bilmədiyi heyvana görə subsidiya verə bilməz.
Lakin bu sistemin tətbiqi praktikada bir sıra çətinliklər də yaradır. Əsas problemlərdən biri kənd yerlərində baytarlıq xidmətlərinin əlçatan olmamasıdır. Bir çox kəndlərdə baytar məntəqələrinin uzaqda yerləşməsi, səyyar xidmətlərin kifayət qədər işləməməsi və qeyri-rəsmi ödəniş tələbləri xırda fermerlər üçün əlavə yük yaradır. Nəticədə bəzi heyvan sahibləri heyvanlarını qeydiyyata salmaqdan yayınır və qeyri-rəsmi satış yollarına üstünlük verirlər.
Vaxt itkisi də ciddi problemlərdən hesab olunur. Heyvan bazarlarının rayonlarda həftədə bir dəfə fəaliyyət göstərdiyi hallarda fermer sırğa və sənədləşmə işlərini vaxtında həll edə bilmədikdə növbəti bazar gününü gözləməli olur. Bu müddətdə heyvanın saxlanma xərcləri artır, yem məsrəfi yüksəlir və bazar qiymətində dəyişikliklər fermerin gəlirinə mənfi təsir göstərə bilir. Maddi ehtiyacı olan kəndli üçün bu gecikmə ciddi iqtisadi problem yaradır.
Bazar iştirakçıları və alverçilər də bu qaydadan müəyyən çətinliklərlə üzləşirlər. Bazara gətirilən heyvanların bir hissəsinin sırğasız olması onların geri qaytarılması ilə nəticələnir ki, bu da nəqliyyat, yem və əlavə saxlanma xərclərini artırır. Bəzi hallarda qaydaların qeyri-bərabər tətbiqi və nəzarətin zəifliyi mübahisələrə və korrupsiya risklərinə səbəb olur.
Ümumiyyətlə, sırğa sisteminin heyvandarlıq sektoruna təsiri həm müsbət, həm də mənfi tərəflərlə xarakterizə olunur. Müsbət tərəfi ondan ibarətdir ki, sistem tam və şəffaf işlədiyi halda ölkədə epizootik vəziyyət sabitləşə, heyvan mənşəli məhsulların təhlükəsizliyi arta və ixrac imkanları genişlənə bilər. Beynəlxalq bazarlar xüsusilə izlənə bilən sistemə böyük önəm verdiyi üçün sırğa sistemi gələcəkdə Azərbaycan üçün diri heyvan və ət ixracı baxımından strateji əhəmiyyət daşıyır.
Digər tərəfdən, keçid dövründə xırda fermerlərin bu sistemə uyğunlaşması çətin olur. Sənədləşmə, nəqliyyat və baytarlıq xərcləri bəzi kiçik təsərrüfat sahiblərinin heyvandarlıq fəaliyyətindən uzaqlaşmasına səbəb ola bilər. Bu isə iri təsərrüfatların bazarda üstünlük qazanmasına və kənd yerlərində məşğulluğun azalmasına gətirib çıxara bilər.
Bu səbəbdən qaydanın effektiv işləməsi üçün dövlət tərəfindən kompleks dəstək mexanizmləri vacibdir. Səyyar baytar xidmətlərinin genişləndirilməsi, kəndlərdə pulsuz və operativ qeydiyyat imkanlarının yaradılması, bazarlarda yerində identifikasiya xidmətlərinin təşkili və fermerlərin maarifləndirilməsi sistemin uğurlu tətbiqi üçün əsas şərtlər hesab olunur. Belə olduqda sırğa sistemi yalnız nəzarət vasitəsi deyil, həm də fermerin məhsulunun dəyərini artıran, subsidiya imkanı yaradan və bazarda etibarlılıq yaradan mexanizmə çevrilə bilər.
Akif Nəsirli
Globalinfo.az