Yunanıstanın paytaxtı Afina son illərdə varlı və rəqəmsal köçərilər üçün cəlbedici məkanlardan birinə çevrilir. Körfəz ölkələrində artan xərclər və aparılan genişmiqyaslı transformasiya fonunda ölkədə yeni lüks yaşayış və biznes layihələri inkişaf etdirilir.
Globalinfo.az xəbər verir ki, keçmiş Ellinikon Beynəlxalq Hava Limanının ərazisində həyata keçirilən “Ellinikon” layihəsi Afinanın müasir simvollarından birinə çevrilməyi hədəfləyir. Layihəyə yaşayış binaları, ofislər, otellər, əyləncə məkanları və Riviera Qülləsi daxildir.
Layihə çərçivəsində ümumilikdə 9 min yaşayış binasının inşa edilməsi, həmçinin yeni ticarət və biznes məkanlarının yaradılması nəzərdə tutulur. İlk mərhələnin 2027-2028-ci illərdə tamamlanması planlaşdırılır.
Ellinikon ərazisində beynəlxalq brendlərin yerləşəcəyi böyük ticarət mərkəzinin də yaradılması nəzərdə tutulub. Burada təxminən 100 min kvadratmetr pərakəndə satış sahəsində 340 mağazanın fəaliyyət göstərəcəyi bildirilir.
Layihənin əsas üstünlükləri arasında müasir infrastruktur, yaşıl məkanlar, dənizkənarı yaşayış imkanları və biznes üçün yaradılan şərait göstərilir. Bu amillər Afinanı varlı investorlar və xarici alıcılar üçün alternativ yaşayış və investisiya məkanına çevirir.
Tahir Turan
Globalinfo.az