baku city circuit during azerbaijan f1 grand

“Formula 1” yarışının başa çatması ilə Bakıda yarışla əlaqədar tətbiq olunan yol məhdudiyyətləri də aradan qaldırılıb. Bununla da paytaxtda nəqliyyatın hərəkəti yenidən adi rejimə qayıdıb. Lakin Bakının əsas nəqliyyat problemi olaraq qalan tıxaclar gündəmdədir.

Yarış günlərində müşahidə olunan sıxlıqla adi günlərdə yaşanan nəqliyyat problemi arasında hansı fərqlər var?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, Bakının tıxac problemi nə təkcə “Formula 1” yarışı, nə də digər mütəmadi tədbirlərlə bağlıdır:

“Bu artıq ənənəvi xarakter almış bir problemdir. Ona görə də məsələnin bu və ya digər formada həlli üçün böyük və əhatəli bir proqram işlənib hazırlanmalıdır. Bu proqramın mahiyyəti ondan ibarət olmalıdır ki, nəqliyyat axınlarının idarə edilməsi, onlar arasında koordinasiyanın təşkili, universal nəqliyyat sisteminin təmin olunması və tərəflər arasında əlaqələrin qurulması xüsusi diqqət mərkəzində saxlanılsın”.

Ekspert bildirib ki, əsas meyarlardan biri nəqliyyat axınlarının idarə olunması zamanı infrastruktura uyğunluq, qarşılıqlı təmas, koordinator əlaqələrin düzgün qurulması və yoxlanılmasıdır:

“Bir sözlə, bu mərhələlər bir-biri ilə sıx bağlı olan vahid bir prosesdir. “Tıxaca yalnız “Formula 1” səbəb olur” fikri ilə qətiyyən razılaşmıram. Çünki burada tıxacın ümumi həlli mexanizmlərini dərindən öyrənmək lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: