Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş və Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib. Əməliyyatlar nəticəsində həmin şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətirilib. Onlar barəsində yaxın günlərdə həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Baş verən hadisə hərbi çağırış sistemində rüşvətxorluğun hələ də mövcud olduğunu göstərir. Bəs son əməliyyatlar – həbslər və işdən çıxarılmalar bu kimi halların qarşısını ala biləcəkmi?
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, 2023-cü ildən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ciddi müsbət dəyişikliklər baş verib:
“Əvvəlki illərdə rast gəlinməyən halların şahidi olmuşuq. Belə ki, çox sayda xidmət əməkdaşının fəaliyyəti araşdırılıb, əvvəlki dövrlərdə yol verdikləri nöqsanlara görə rəhbərlik tərəfindən müvafiq tədbirlər görülüb. Əməkdaşlar arasında ciddi nöqsanlara və cinayət xarakterli hallara yol verildiyi barədə şübhələr yarandıqda, xidmətin özü bu barədə Baş Prokurorluğa və digər hüquq-mühafizə orqanlarına müraciət edir”.
Ədalət Verdiyev
Hərbi ekspert baş verən dəyişikliyi müsbət qiymətləndirir:
“Müsbət haldır ki, artıq Səfərbərlik Xidməti özü nöqsanların aradan qaldırılmasında maraqlı tərəf kimi çıxış edir. Rəhbərliyin göstəriş və tövsiyələrini yerinə yetirməyən, rüşvət, korrupsiya və digər qanun pozuntularına yol verən əməkdaşlarla bağlı hüquq-mühafizə orqanları ilə birgə ciddi tədbirlər həyata keçirilir. Səfərbərlik Xidmətinin rəhbərliyi mövcud problemlərin aradan qaldırılması üçün zəruri addımları ilk olaraq özü atır. O, müvafiq sənədləri aidiyyəti qurumlara təqdim edir və bundan sonra proseslərə hüquqi qiymət verilir. Son illərdə aparılan islahatların müsbət nəticələri artıq açıq şəkildə müşahidə olunur”.
Ədalət Verdiyevin sözlərinə görə, orduya “yararsız” hesab edilən şəxslərin sayında ciddi azalmalar var:
“Əvvəlki illərdə yararsız sayılan minlərlə gənc son iki ildə hərbi xidmətə çağırılıb. Hətta onların bir qismi xidmətini başa vuraraq evlərinə qayıdıb”.
Zaira Akifqızı
Globalinfo.az