baki foto 1

“Bakı Metropoliteni” QSC Globalinfo.az-ın “Metroda niyə tibb məntəqələri yoxdur”, sualını cavablandırıb.

Bildirilib ki, Bakı metropolitenində qeyd edilən vəziyyətlərdə bütün stansiyaların işçi personalına verilən ilk tapşırıqlardan biri məhz sərnişin axınının tənzimlənməsi, onlara həssas yanaşılması və bütün müraciətlərə dərhal reaksiya verilməsidir:

“Bu mənada may ayının 3-də “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyalarına Bakı şəhər elektrik şəbəkəsindən gələn yüksəkgərginlikli xətlərdə enerjinin verilməsi məhdudlaşarkən, müvafiq tənzimləmələr ən operativ şəkildə və qısa müddətdə təmin edilib. Eyni zamanda stansiyalarda sərnişinlərin halının pisləşməsi səbəbilə, təcili tibbi yardım briqadalarının çağırılmasına zərurət yaranmayıb”.

Qeyd olunub ki, Bakı metropoliteni sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat müəssisəsidir:

“Tibb məntəqəsini açmaq, onun fəaliyyətini təşkil etmək, tənzimləmək kimi səlahiyyətimiz yoxdur”.

***06.05.2025 16:03

Bir neçə gün əvvəl Bakı metrosunda elektrik kəsintisi nəticəsində qatarın 15 dəqiqə tuneldə qalması bəzi məsələləri gündəmə gətirib. Belə ki, həmin vaxt əksər sərnişinlər səhhətlərində müəyyən narahatlıqlar yaşadıqlarını, lakin metroda hər hansı tibb məntəqəsinin olmadığını bildirərək narazılıq ediblər.

Bakı metrosunda niyə tibb məntəqələri yoxdur? Bunun hansı fəsadları ola bilər?

Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, qapalı və yeraltı nəqliyyat vasitəsində, insanların geniş istifadə etdiyi yerdə tibbi yardım məntəqələrinin olmaması ciddi risklər doğura bilər:

“Elektrik kəsintisi və ya fasilələr zamanı insanların panikaya düşməsi, nəfəs darlığı, yüksək təzyiq, ürək tutması kimi halların yaşanması qaçılmazdır. Belə vəziyyətdə ilkin tibbi yardımın olmaması ölümlə nəticələnə bilər. Xüsusilə sıxlıq olan metro stansiyalarında tibb məntəqələri olmalıdır. Onlar ən azı növbəli işləyən tibb personalı və əsas tibbi avadanlıqlarla – məsələn, qan təzyiqi ölçən, defibrilyator, tibbi çanta və sair ilə təmin edilməlidirlər. Həmçinin, metro əməkdaşlarının ilk yardım üzrə mütəmadi təlimlərə cəlb olunması vacibdir”.

nermin

Nərmin Abbaslı

Mütəxəssis bildirib ki, metroda fövqəladə hallar baş verdikdə, məntəqələrə alternativ kimi mobil tibbi yardım qruplarından ibarət sistemin yaradılması da mümkündür:

“Yəni qruplar stansiyalar üzrə bölünmüş şəkildə fəaliyyət göstərə və hadisə baş verdikdə dərhal müdaxilə edə bilərlər. Bunun üçün stansiyaların platformalarında xüsusi təcili yardım çağırış düymələri, daxili rabitə sistemləri və müşahidə kameraları ilə əlaqəli monitorinq mərkəzi fəaliyyət göstərməlidir. Bununla, hansısa ölüm halını minimuma endirmək olar”.

Nərmin Abbaslı dünyanın bir çox inkişaf etmiş ölkələrində belə qrupun olduğunu vurğulayıb:

“Məsələn, Yaponiya, ABŞ, Fransa, Almaniya və sair ölkələrdə yeraltı metrolarda ya daimi tibbi yardım məntəqələri, ya da təcili tibbi yardım sisteminə inteqrasiya olunmuş mobil tibbi yardım qrupları mövcuddur”.

Globalinfo.az məsələ ilə bağlı “Bakı Metropoliteni”nə sorğu ünvanlansa da, cavab verilməyib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: