Ermənistanı qarışdıran təklifin detalları – Bakı Naxçıvan məsələsini masaya yatırır

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Londonda jurnalistlərə açıqlamasında deyib ki, “Ermənistanla dayanıqlı sülh müqaviləsi bağlamaq üçün heç bir ciddi maneə görmürük və sərhədlərin müəyyənləşdirilməsi məsələsi ayrıca həll oluna bilər”.

Diqqətçəkən məqam isə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib ki, o, Hikmət Hacıyevin sərhədlərin demarkasiyası məsələsinin sülh müqaviləsindən ayrılması ilə bağlı bəyanatını məqbul hesab edib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, bu açıqlamalar xüsusilə sərhəd məsələsinin sülh sazişindən ayrılması və ayrıca müzakirəsi təklifinə İrəvanın da müsbət baxması, tərəflərin müqavilənin imzalanmasına yaxınlığından, yaxud ən azı müsbət niyyətdən xəbər verir:

“Çünki tərəflər arasında əsas fikir ayrılıqlarından biri məhz sərhədin delimitasiyası prosesidir. Azərbaycan təklif edir ki, bu məsələnin həllini sonraya saxlayaq və bunun birdən çox səbəbi var.

Birincisi, sərhədin müəyyən edilməsi uzunmüddətli prosesdir. Misal üçün, bu gün Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır, lakin iki ölkənin sərhədində delimitasiya olunmayan yerlər var. Eyni təcrübənin Ermənistanla da olması mümkündür. Tərəflər sərhədin neçənci ilin xəritəsinə uyğun müəyyən edilməsində razılığa gələ bilmir, digər tərəfdən anklavlarla bağlı fikir ayrılığı var. Əgər sazişin delimitasiyadan sonra imzalanması qərarı olarsa, bu, prosesin uzun müddət davam edəcəyi deməkdir, hətta sonda heç bir nəticənin əldə edilməyəcəyi gözləntisi də var. Bu baxımdan, tərəflər sülh sazişi izmzalaya, daha sonra sərhədin delimitasiyasını müzakirə edə bilərlər.

Asif Nərimanlı

İkincisi, burada əsas səbəblərdən biri sülh danışıqlarının ikitərəfli formatda aparılması, sazişin bu formatda imzalanmasına nail olmaqdır. Əgər sərhədin müəyyən edilməsi sonraya saxlanılmasa, bu, Rusiyanın prosesə qoşulmasını şərtləndirəcək, çünki xəritələr Moskvadadır və bu, ruslara imkan verir ki, delimitasiya üzərindən öz vasitəçiliyini yenidən aktivləşdirsin. Hər iki tərəf bunu istəmir. Sülh sazişi imzalandıqdan və tərəflər arasında münasibətlər normallaşdıqdan sonra sərhədin müəyyənləşməsi müzakirələri xəritələrin olduğu Rusiyanın da iştirakı ilə də aparıla bilər”.

Ekspert qeyd edib ki, bütün bunların fonunda sərhəd xəttindəki mövcud vəziyyət Azərbaycanın xeyrinədir:

“Rəsmi Bakı 44 günlük müharibədən sonra İrəvanın işğal dövründə qanunsuz şəkildə irəli çəkdiyi sərhəd xəttini bərpa edib, strateji yüksəkliklərə nəzarət edir. Sərhədin müəyyənləşməsi məsələsi Ermənistanın “güzgü prinsipi”ni – qoşunların qarşılıqlı geri çəkilməsi istəyini də gündəmə gətirir. Bakı bunu qəbul etməcək, amma bu vəziyyətdə sülh danışıqlarının atmosferi mənfi məcraya yönəlir və tərəflər sazişin imzalanmasından uzaqlaşırlar.

Fikrimcə, sərhəd məsələsinin sonraya saxlanılması sülh sazişinin imzalanmasını tezləşdirmək məqsədi daşıyır və hər iki tərəfin bu məsələdə ortaq mövqedən çıxış etdiyi görünür. Lakin burada həll edilməli məsələlərdən biri Azərbaycanın Naxçıvana çıxışının hansı prinsiplə təmin edilməsidir. Bakının əsas tələbi “Azərbaycandan Azərbaycana” prinsipinin qəbul edilməsi, yəni Naxçıvana gedən sərnişinlərin və aparılan yüklərin gömrük yoxlamasından keçməməsidir. Ermənistan tərəfi müəyyən güzəştlərin oluna biləcəyindən bəhs edir. Əsas danışıqlar bu məsələ üzərində olacaq, tərəflər ortaq məxrəcə gələ bilsələr, sülh sazişinin imzalanmasının önündə ciddi maneə qalmayacaq”.

Turan Rzayev
Globalinfo.az