Hacı Qaliblə torpaq çəkişməsində olan partiya sədrindən şok açıqlamalar – FOTO

Sabiq deputat, Bilgəh qəsəbə ağsaqqalı Qalib Salahzadə saytımıza müsahibəsi zamanı Sabunçu Rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudovanın ona məxsus bağ evində baxış keçirməsi haqda danışarkən, aralarındakı mülk mübahisəsi ilə bağlı Ağasif Şakiroğlunun adını çəkmişdi.

Müsahibəni buradan oxuya bilərsiniz.

Globalinfo.az məsələni dəqiqləşdirmək üçün adı çəkilən şəxsin – Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun da fikirlərini öyrənib.

A.Şakiroğlu Q.Salahzadəyə ciddi yanaşmadığını deyib:

“Hacı Qalibin A-dan Z-yə danışdığı, sadəcə, fantaziya və yalandır. Azərbaycan Respublikasının Ali Məhkəməsi adından 2009-cu ildə verilmiş qərara əsasən, həmin ərazilərin bizə aid olmasına dair məhkəmə qərarı var.

Məhkəmənin verdiyi qərar isə müzakirə oluna bilməz. Həmin şəxs məhkəməni hələ deputat olduğu illərdə uduzub. 2009-cu ildə biz Sabunçu məhkəməsinə müraciət etmişdik. O zaman Hacı Qalib deputat statusundan istifadə edərək məhkəməni qazanmışdı. Daha sonra apelyasiya məhkəməsi mənim xeyrimə qərar verdi. Elə həmin ildə də Ali Məhkəmənin qərarına əsasən bizə çıxarış verilib, Hacı Qalib isə oradan məhkəmə icraçısının və polisin iştirakı ilə çıxarılıb”.

Partiya sədrinin sözlərinə görə, Q.Salazadənin onun haqqında dediyi kimdənsə 500 min dollar alması məsələsi yalandır:

“Adam açıqlamasında deyir ki, guya notariat qaydada kimsə mənə yarım milyon pul verib. Bu ağ yalandır! Notarius və vahid sistem var. Araşdırılsın görək nə vaxt elə bir şey olub?! Birincisi almamışam, ikincisi də almışamsa da, yaxşı eləmişəm. Ərazi mənimdir və kimə istəsəm sataram və ya hədiyyə edərəm”.

A.Şakiroğlu Bilgəh qəsəbəsindəki torpağın 1994-cü ildə Hacı Qalibə məxsus olmasına da aydınlıq gətirib:

“O ərazilər 1994-cü ildə ona məxsus olub. Ora Bakı şəhər İcra Hakimiyyətinin balansında olan torpaq sahələri olub və bu adamın müvəqqəti istifadəsində idi. Biz qanuni şəkildə həmin ərazini 1994-cü ildə almışıq. Hətta Q.Salahzadə müsahibələrinin birində özü də etiraf edib ki, həmin yer üçün 1994-cü ildə ona 500 min dollar pul verilib. Özü də 500 min yox, bir milyon dollar ödəmişik. O pulu da ona görə vermişik ki, orada əziyyət çəkib abadlıq və müəyyən tikinti işləri görüb. Halallıq olsun deyə ödəmişik”.

Ağasif Şakiroğluna ünvanladığımız “1988-ci ildə anadan olmusunuz, 6 yaşda olanda bu qədər pul sizdə haradan idi” sualına belə cavab verib:

“Bu pulların mənbəyi şübhəli olsa idi hər-halda hazırda həbsdə olardım. Amma etiraf edirəm ki, 1994-cü ildə həmin ərazini mən almamışam. O zaman mənim 6 yaşım olub”.

Müsahibimizin sözlərinə görə, Hacı Qalib gəlini Xatirə Allahşükür qızı Paşazadənin arxasında gizlənib:

“Məhkəmələrə də məhz gəlini, xanımı və Camal adında 80-90 yaşlarında yataq xəstəsi olan qohumu müraciət edir. Məhkəmədə Xatirə Paşazadə, mətbuatda isə Qalib Salahzadə danışır. Amma Qalib Salahzədə könüllü olaraq açarları bizə təhvil verib”.

A.Şakiroğlu bildirib ki, Q.Salahzadə Vasif Talıbovun ailəsinə torpaq hədiyyə edib:

“Hacı Qalib bələdiyyə sənədi ilə Vasif Talıbovun ailəsinə 110 sot torpaq “satıb”. Amma qanuna görə, bələdiyyə həmin rayonda qeydiyyatda olmayan şəxsə 12 sotdan artıq torpaq sahəsi sata bilməz. Lakin bu adam götürüb Talıbovlara torpağı hədiyyə edib”.

Zaira Akifqızı
Globalinfo.az