Hacı Qalibdən sensasion açıqlama: “Qapı açıldı və Ulu Öndər mənim bağıma gəldi, yanında da o adamlar…”

“Dünən Sabunçu Rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudova mənə məxsus bağ evində baxış keçirdi”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında sabiq deputat, Bilgəh qəsəbə ağsaqqalı Qalib Salahzadə bağ evinə baxış keçirilməsi haqda danışarkən deyib.

Qalib Salahzadə açıqlamasında iddia edib ki, həmin ərazi 1994-cü ildən ona məxsusdur:

“Dünən baxış zamanı 5-6 il ərzində o evləri tikən ustalar da çağırılıb. O vaxt ustalar işləyərkən Ulu Öndər Heydər Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rəfael Allahverdiyev, Prezidentin İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin sabiq müdiri Fatma Abdullazadə və mühafizəçilər gəlib mənim bağıma gəlmişdilər. O vaxt Rəfael Allahverdiyev yalandan demişdi ki, guya burada ev yoxdur. Akif Muradverdiyev isə demişdi ki, cənab Prezident, burada Hacı Qalibin evləri var. Belə bir konflikt olub və bunun canlı şahidi ustalardır”.

Sabiq deputatın sözlərinə görə, hər kəs getdikdən sonra Rəfael Allahverdiyev torpağı mənimsəmək istəyirmiş:

“Sonra Rəsul Quliyev və fərqli pullu kişilər müxtəlif yollarla bu evi məndən almaq istəyiblər, amma alınmayıb. Çünki mən buranın sahibi olaraq satmıram. Hazırda isə Ağasif Şakiroğluya yarım milyon dollardan yuxarı notarius vasitəsilə pul veriblər. Guya bu evi onlara Ağasif Şakiroğlu satacaq. Hələ Rəsul Quliyevin yerlisi Culfalı Emin də var. 500 min dolları ona veriblər ki, o, 2 milyon 600 min pulu Ağasifə versin. Ağasif də mülkü 2 milyon yarımdan yuxarı satsın. Culfalı Emin isə tikinti ilə məşğuldur, Qarabağda tikinti aparır. Bu adamların heç biri üst insan deyil.

Eminin özü də kiminsə tapşırıqlarını yerinə yetirir. Bunlar müxtəlif yollarla gedib mənim yerimə çıxarış alıblar. Çıxarışı 2011-ci ildə alıblar. Bu evlər isə 90-cı illərdən burada mövcuddur. 8 dənə irili-xırdalı evləri mən tikdirmişəm”.

Hacı Qalib Salahzadə deyir ki, Rəfael Allahverdiyev Ulu Öndərə buranı öz şəxsi məqsədləri üçün almasını təklif edib:

“Rəfael bunu Ulu Öndərə deyəndə, Akif Muradverdiyev etiraz edib ki, bu yerdə Hacı Qalibin evləri var. Heydər Əliyev də şəxsən bağa baxmağa gəlib. Akif Muradverdiyev haqlı söz işlədib deyə, Rəfael həmin gündən ölənə qədər mənimlə düşmən olub. Mənim əlimdə qohum-əqrəbanın adına 16 ədəd çıxarış ola-ola, gəlib bir dənə sənəd düzəldiblər və 28 nəfər iddia edir ki, bu torpaq bunlara 1976-cı ildə verilib. 1989-cu ildə bunlar guya kooperativ təşkil ediblər, 2012-ci ildə isə bu adamlar “kadastr” alıblar”.

Ramiz Rzayev

Q.Salahzadə iddia edir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin bacısı oğlu hazırda Xəzər rayonunda hakim vəzifəsində çalışan Zaur Tağıyev ondan torpaq istəyib:

“Zaur şəxsən gəlib mənə dedi ki, Ramiz müəllim istəyir ki, o yerlərdən 1 hektar ona verəsən. Mən buna razı olmadım. Ramizin qohum-əqrəbasının adına saldırdığı 1 yerdə 10 dənə bağı var. Zaur özü Elşad Abduallayevin universitetini bitirib (Azərbaycan Beynəlxalq Universiteti-red.), amma ona elə böyük vəzifə veriblər. Nəsə, sözüm bunda deyil. İndi də deyirlər ki, Ağasif Şakiroğlu deyir ki, Rəsul Quliyev buranı mənə bağışlayıb. Sözə bax da! Soruşuram ki, Ağasif, sən Rəsulu hardan tanıyırsan? Mənə deyir ki, “mənim 5 yaşım olanda o mənim kirvəm olub””.

Mən və 5 nəfər qohumum iddia qaldırmışıq ki, bu yerlər Abşeron rayonunun ərazisidir. Onun əlində olan çıxarışlar isə Sabunçu rayonunun ərazisidir. Yəni onu Bakı, bunu isə Abşeron verib. Xəritələri də tapmışam. Bizim əlimizdə olan torpaq sahələri Abşeron rayonuna məxsusdur. Qarşı tərəf də Rusiya səfirliyinin ərazisidir və həmin torpaq sahəsi də düşür Sabunçu rayonunun ərazisinə.

Mən iddia qaldırmışam ki, mütəxəssislər və ekspertiza gəlib baxsın ki, Abşeron rayonunun torpağı ayrı, Sabunçu torpağı ayrıdır. Mütəxəssis də 2-3 dəfə yazılı surətdə rəy verib ki, bura Abşeron rayonuna məxsus torpaqlardır.

Burada Rəsul Quliyevin pulları, kimlərisə maliyyələşdirməsi söhbəti var. Ancaq bugünkü gün Sabunçu rayonunun torpağı kimi təqdim edirlər. 1994-cü ildən bu torpaq sahəsi bizim adımızadır. Özüm bir evə, yoldaşım bir evə, gəlinim bir evə qeydiyyatdadır. Şəxsiyyət vəsiqəmdə də qeydiyyat yerim yazılıb. 2009-cu ildə mən bura qeydiyyata düşmüşəm, amma 1994-cü ildən bu torpaq ailəmə məxsusdur”.

Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 

 

Zaira Akifqızı
Globalinfo.az