Külək və dolu rayonlarımızda fəsadlar törətdi

Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur, dağlıq rayonlara dolu düşüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, günorta saatlarında yağan leysan yağışlar və dolu Daşkəsən, Gədəbəy və Göygöl rayonlarının dağ kəndlərindəki əkin sahələrinə, meyvə ağaclarına zərər vurub.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.

***

Güclü külək Qazaxda fəsadlar törədib.

Globalinfo.az xəbər verir ki, güclü külək rayonun Heydər Əliyev prospektində iri gövdəli ağacları aşırıdıb.

Qırılan ağaclar yollarda hərəkətdə çətinliklər yaradıb. Bundan başqa, güclü külək Ağstafa rayonunda fəsad törətməsə də leysan yağışları ilə əvəzləndiyindən gecə yağan güclü yağış Köcəsgər kəndində 26 evi su altında qoyub. Hadisə gecə baş verdiyindən sel sularından sonra əhali evlərini tərk edərək yaxınlarının yaşadığı evlərə daşınıblar. Əraziyə gecə ilə Rayon Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da baxış keçiriblər, müvafiq tədbirlərin görülməsi üçün göstərişlər verilib.

***

Göygöldə güclü yağışdan sonra isə dolu yağıb.

APA bildirir ki, bu gün saat 16:30-da rayon mərkəzinə və ucqar kəndlərə dolu düşüb.

Hazırda dolunun ziyan törətməsi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, qərb bölgəsini əhatə edən rayonlarda yağışlı hava şəraiti hökm sürür.