Goranboydan və Şəkidən sel keçdi – VİDEO

Şəkiyə leysan yağıb, iki kəndi sel suları basıb.

Globalinfo.az xəbər verir ki, günün ikinci yarısından başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti dəyişib, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində yağışlı hava şəraiti müşahidə edilir.

Axşam saatlarına yaxın Şəki rayonunun Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazilərə leysan yağışları yağıb. Leysan yağıçları nəticəsində ərazidən keçən Ərcan çayında suyun səviyyəsi qalxıb.

Ərcan çayında suyun səviyyəsinin həddən artıq qalxması və ərazidən keçən Yevlax-Balakən dəmir yol xəttinin üzərindəki suötürücülərin tutulması səbəbindən yağış suları Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb. Sel suları kənd daxili yollara basıb, bir çox kənd sakininin həyatyanı sahəsinə və evlərin birinci mərtəbəsinə dolub. Hazırda müvafiq qrumlar əraziyə ezam edilib, dəymiş ziyanın miqyası ilə maraqlanırlar.

Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti höküm sürür.

***

Goranboya yağan güclü yağış selə səbəb olub.

Globalinfo.az xəbər verir ki, sel xüsusən rayonun Ağcakənd və Börü kəndlərində bəzi çətinliklər yaradıb.

Belə ki, sel suları kəndin avtomobil yollarının bir hissəsini yuyub, sakinlərin əkin sahələrinə ziyan vurub. Rayon Fövqaladə Hallar Komissiyasının rəsmiləri kəndə gəlib. Dəyən ziyanın hesablanması aparılır.

Hazırda Gəncə və ətraf bölgələrdə yağışlı hava şəraiti davam edir.