Gəncə aeroportunda qalmaqal – Almaniyaya uçan sərnişin “bomba” ilə hədələnib

Gəncədən Almaniyanın Nürnberq şəhərinə uçmağa hazırlaşan sərnişin hava limanında qarşılaşdığı mənzərə ilə bağlı redaksiyamıza məktub yollayıb. Əsgərova Nərmin Vüqar qızı şikayətində bir çox məqamları vurğulayıb.

Globalinfo.az-a göndərdiyi məktubda o, uçuş öncəsi yüklərin yoxlanışı zamanı sərnişinlərə göstərilən münasibət, hava limanındakı nizamsızlıq və digər bir sıra məqamlarla bağlı narazılığını bildirib.

N.Əsgərova başına gələnləri belə qeyd edib:

“Mən Almaniyada yaşayıram və tətil üçün Azərbaycanda idim. 8 sentyabr tarixində “Pegasus” hava yollarına məxsus təyyarə ilə Gəncə-Nürnberq uçuşum vardı. Gəncə hava limanında ilk dəfə olurdum və şahid olduğum şeylər biabırçılıqdır. Təəssüf ki, sıra mədəniyyəti olmadığı halda insanları nizamlı dayanmağa məcbur edən bir şəxs belə yox idi. Hamı hara necə istəyirdisə, elə yaxınlaşırdı. Mən də “növbəm” çatanda yaxınlaşıb əl yükümü tərəziyə qoydum. 8 kiloqram əl yüküm var idi, lakin bagajımın ağır olduğunu öncədən bildiyim üçün ödəniş etməyə hazır idim. Yüküm ümumilikdə 16 kq olduğu üçün 240 manat ödəniş etməyimi istədilər. Baqajı karqoya vermək istəmədiyimi qeyd etdikdə isə “30 manat verin, keçin” dedilər. Soruşdum ki, rüsum 240 manatdırsa, indi niyə 30 manat oldu? O zaman anladım ki, bu, dövlət rüsumu deyil, kiminsə cibinə gedir, ödəniş etməyəcəyimi bildirdim və baqajı boşaltmağa başladım. 2-3 dəfə yenidən baqajım ölçüldü və sonda 9 kq olduqda keçməyimə icazə verildi. Bundan sonra gülməli hal yaşandı. Mən arxamı dönüb gedəndə yoxlanış rəisi valideynlərim qarışıq məni göz həbsində saxlamışdı. Oturduğu yerdən qalxıb, insanlar gözləyən hissəyə gələrək bizə baxırdı ki, birdən çıxartdığım yükü yenidən baqaja qoyaram”.

O, sərnişinlərin tək-tək yoxlanışı zamanı da xoşagəlməyən münasibətin davam etdiyini deyib:

“Növbəsiz və hamının bir-birinə çox yaxın məsafədə dayandığını vurğulamaq istəyirəm. Yoxlanışa keçdik, işçilər hamının baqajına sərt formada deyinirdi. Qoca, qadın, uşaq fərq etmədən, hamıya az qala “ sən” deyə xitab edilir, sərt danışılırdı. Siz kimsiniz?! Yoxlanışdan keçən zaman üzərimdəki dəmir əşyaları (qolbağı, saç aksesuarı və s.) çıxarmağıma baxmayaraq xəbərdarlıq səsi gəlirdi. Xanım işçi hər yerimə toxunaraq yoxladıqda gülərək dedim ki, “Vallah üstümdə bomba yoxdur”. Bu zarafatı xaricdə də etmişəm və hər kəs gülüb keçib. Bizdə isə nə oldu? Mənə hədə qorxu gələrək dedilər ki, uçuşa buraxılmayacam. Başqa bir işçi zarafatımdan sonra “Xanım, siz deyəsən reysə buraxılmaq istəmirsiniz haa” deyə hədə tonunda cavab verdi. Sonra elə həmin işçi yoxlanışda dayanan əməkdaşa “Bax ha, o qara koftalı qızın bütün yükünü tökün, hər şeyini tək-tək yoxlayın” dedi. Elə də etdilər. Artıq o ankı məyusluq hissini izah edə bilmirəm. Orda da bu ifadəni qeyd etdim ki, heyf ki, bir azərbaycanlı öz millətinə belə əziyyət verir. Məyusluq və stress içində idim, təyyarəyə minənə qədər göz yaşım dayanmadı”.

“İndi sizə sual verirəm, xaricdə yaşayan bir azərbaycanlı kimi belə şeylərə şahid olduqdan sonra niyə ölkəmə qayıdım? Avropanın əksər ölkəsində olmuşam, təhlükəsizlik yoxlanışı necə olur, hansı halda baqaja detallı baxılır və s. kimi halları lazımı səviyyədə bilirəm. Təəssüf ki, mən belə şey nə görmüşəm, nə də eşitmişəm. Ümid edirəm, vacib addımlar atılacaq və bu halların davamlılığı aradan qaldırılacaq”-deyə, o bildirib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ayşən Mustafa
Globalinfo.az